UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümündə hər üç turnirin dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq.
Azərbaycan çempionunun Çempionlar Liqasına birinci mərhələdən, ölkə kubokunun sahibinin Avropa Liqasına birinci mərhələdən, bürünc mükafatçının Konfrans Liqasına birinci, gümüş mükafatçının ikinci mərhələdən başlaması gözlənir.
Medianews.az bildirir ki, milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2025-2026 mövsümünü udmağa “Sabah” şanslıdır.
Gümüş və bürünc medallara “Qarabağ” və “Turan Tovuz” iddialıdır. “Zirə” və “Neftçi” dördüncü pillə uğrunda yarışırlar.
Azərbaycan kubokunun 2025-2026 mövsümünün finalında “Sabah” və “Zirə” yer alır.
Çempion olacağı şübhə doğurmayan “Sabah” həm də kubok sahibi olsa, Avropa Liqasında ölkəni gümüş mükafatçı təmsil edəcək. Bu halda çempionatı dördüncü pillədə başa vurmuş komanda da bürünc mükafatçı ilə yanaşı Konfrans Liqasında yarışacaq.
Beynəlxalq arenada ən təcrübəli Azərbaycan komandası olan “Qarabağ” indiki gedişlə Çempionlar Liqasından kənar qalır. Avropa Liqasına düşmək üçün isə komanda gümüş medallar almalı və ölkə kubokunun “Sabah”a qismət olmasını arzulamalıdır, əks halda Konfrans Liqası ilə kifayətlənəcək.
Medianews.az xatırladır ki, “Qarabağ” 12 mövsüm UEFA-nın klub turnirlərinin əsas raundlarında iştirak edib.
Komanda 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərinə Çempionlar Liqasında başlayıb, Avropa Liqasına adlayaraq qrup mərhələsində yarışıb.
2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.
Konfrans Liqasının siftəsi olan 2021-2022-ci il mövsümündə 1/16 finala qədər irəliləyib.
2022-2023 mövsümünə Çempionlar Liqasında başlayıb, əvvəl Avropa Liqasına adlayıb, sonra Konfrans Liqasına ələnib, 1/16 finalda dayanıb.
2023-2024 mövsümünə Çempionlar Liqasında start verib, Avropa Liqasına keçib, 1/8 finala qədər irəliləyib.
2024-2025 mövsümü Çempionlar Liqası ilə başlayıb, Avropa Liqasının liqa mərhələsində bitib.
2025-2026 mövsümündə komanda Çempionlar Liqasında 1/16 finala qədər irəliləyib.
Toğrul Əli,
Medianews.az