"Qalatasaray" mövsümün ortası fasiləsində transfer fəaliyyətini sürətləndirməyi planlaşdırır.
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, klub rəhbərliyi hazırda "Porto"nun formasını geyinən milli futbolçu Deniz Gülü heyətinə qatmaq istəyir.
Məlumata görə, "sarı-qırmızılar" gənc hücumçu üçün "Porto"ya rəsmi təklif göndərməyə hazırlaşır. Klubun bu transfer üçün Portuqaliya təmsilçisinə 7,5 milyon avro təklif etməyi planlaşdırdığı bildirilir.
Deniz Gül 2024-2025 mövsümünün əvvəlində İsveçin "Hammarbi" klubunun gənclər akademiyasından 4,5 milyon avro qarşılığında "Porto"ya transfer olunub. O, cari mövsümdə Portuqaliya klubunun heyətində 24 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
2029-cu ilə qədər "Porto" ilə müqaviləsi olan futbolçunun hazırkı bazar dəyəri 6 milyon avro olaraq qiymətləndirilir. Deniz Gül Türkiyə millisinin heyətində isə indiyədək 5 oyun keçirib və 1 qola imza atıb.
Qeyd olunur ki, "Fənərbağça" da gənc futbolçu ilə maraqlanıb. Lakin "Porto"nun baş məşqçisi Françesko Farioli onun komandadan ayrılmasına icazə verməyib.