Türkiyə təmsilçisi “Qalatasaray” komandadan ayrılan Mauro İkardinin əvəzləyicisini tapıb.
Medianews.az xəbər verir ki, İstanbul təmsilçisi Kiyev “Dinamo”sunun 20 yaşlı hücumçusu Matviy Ponomarenko üçün rəsmi təklif göndərib.
Bildirilir ki, “Qalatasaray” ukraynalı forvard üçün 20 milyon avro təklif etsə də, Kiyev klubu bu məbləği kifayət hesab etməyib. “Dinamo” gənc futbolçunun transferindən 25-30 milyon avro gəlir əldə etmək niyyətindədir.
“Transfermarkt” portalına görə isə futbolçunun bazar dəyəri 12 milyon avro təşkil edir. Mənbənin iddiasına görə, “Qalatasaray” transferdən imtina etmək fikrində deyil.
Qeyd edək ki, daha əvvəl Dortmund “Borussiya”sı da oxşar məbləğdə təklif versə də, Ukrayna klubu razılıq verməyib. “Portu” da futbolçunu izləsə də, lakin hələlik rəsmi təklif etməyib.
2025/26 mövsümündə Ukrayna çempionatında 25 oyunda meydana çıxan Ponomarenko 15 qol vurub. Hazırda Ukrayna millisinin də üzvü olan gənc hücumçu milli komandada keçirdiyi 3 oyunda 1 qolla yadda qalıb. Onun Kiyev “Dinamo”su ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir./Teleqraf