Medianews.az
Beyin bədənin nəyə ehtiyacı olduğunu necə bilir? -
178 baxış

Beyin bədənin nəyə ehtiyacı olduğunu necə bilir? - ARAŞDIRMA

Alimlər müəyyən ediblər ki, orqanizm zəruri amin turşularının çatışmazlığını hiss edərək bu barədə beyinə siqnal göndərir və nəticədə insanın məhz zülalla zəngin qidalara meyli artır.

Medianews.az xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunan yeni tədqiqatda bildirilir.

Araşdırmaya görə, zülal aclığı adi aclıq hissəsindən fərqlənir. Orqanizm enerji ilə yanaşı, fermentlərin, əzələlərin, hormonların və toxumaların formalaşması üçün vacib olan zəruri amin turşularına ehtiyac duyur. Bu maddələr insan orqanizmində sintez olunmadığı üçün qida vasitəsilə qəbul edilməlidir.

Tədqiqat əvvəlcə meyvə milçəkləri üzərində aparılıb. Müşahidələr göstərib ki, zülal çatışmazlığı olan milçəklər qida dəyəri olmayan maddələrdən imtina edərək zəruri amin turşularını ehtiva edən qidalara üstünlük verirlər. Eyni meyl siçanlar üzərində aparılan təcrübələrdə də müşahidə olunub. Bu isə belə mexanizmin müxtəlif canlılarda ortaq bioloji xüsusiyyət ola biləcəyini göstərir.

Alimlər müəyyən ediblər ki, bağırsaqlarda istehsal olunan CNMamide adlı siqnal molekulu bu prosesdə əsas rol oynayır. Zəruri amin turşuları azaldıqda onun istehsalı artır, siqnal sinir hüceyrələri vasitəsilə beyinə ötürülür və zülalla zəngin qidaların seçilməsini təşviq edir. Eyni zamanda bu molekul hormon kimi qan dövranına keçərək siqnalın təsirini daha uzun müddət saxlayır.

Araşdırma həmçinin göstərib ki, zülal çatışmazlığı zamanı orqanizm yalnız zülala marağı artırmır, həm də şəkərə olan meyli azaldır. Çünki şəkər enerji versə də, zəruri amin turşularını əvəz etmir. Bu məqsədlə beyində şəkəri qəbul edən sinir hüceyrələrinin fəaliyyəti zəiflədilir və orqanizm prioritet olaraq zülal ehtiyacını ödəməyə çalışır.

Tədqiqat müəlliflərinin fikrincə, iştaha təkcə aclıq hissi deyil, həm də orqanizmin daxili ehtiyaclarını əks etdirən mürəkkəb bioloji siqnallar sistemidir. Araşdırma göstərir ki, eyni kaloriyə malik şəkər və zülal orqanizm üçün eyni funksiyanı daşımır. İnsan bədəni yalnız enerji deyil, həm də toxumaların qurulması üçün lazım olan maddələrə ehtiyac duyur və bunu beynə ötürən xüsusi mexanizmlərə malikdir.

Medianews.az

Bizə qoşulun