Medianews.az
Putinə BƏD xəbər –
87 baxış

Putinə BƏD xəbər – Zelenksi BUNU bacardı...

ABŞ-nin Dövlət katibi Marko Rubio Ukrayna ordusunun hazırda Avropanın ən güclü, döyüşə ən hazır qüvvələr olduğunu bildirib. Onun qənaətincə, Ukrayna bu səviyyəyə əsasən özünün sayəsində çatıb, yalnızca xarici dəstək hesabına yox.

Ədalətli qiymətləndirmədir. Həqiqətən, ən döyüşkən ordu müharibədən alnıaçıq çıxan ordudur. Tibdə belə bir deyim var: “Əməliyyata girməyən cərrah cərrah sayılmaz”.

Doğrudur, Ukrayna bu 4-5 ildə ərazi itirib. Ancaq hələ ki, dünyanın heç bir ölkəsi işğalı tanımayıb – o cümlədən Rusiyaya ən yaxın dövlətlər, KTMT üzvləri, Belarus, Ermənistan buna getməyib. Demək ki, torpaqları nə vaxtsa hərbi-siyasi yolla qaytarmaq şansı qalır...

Beləcə, nə qədər paradoksal görünsə də, Ukrayna torpaq itkisinə rəğmən, Avropa qitəsində ən güclü ordu qurmağı bacarıb. 5-6-cı nəsil hərbi texnologiyanı yüksək səviyyədə mənimsəyib. Rusiya kimi yırtıcı dövlətə dərs verib, onun fövqəlgüc imicini sarsıdıb. Qoca imperiyanın “ön kəsici dişlərini” qıra bilib. Yeri gələndə ərazilərini geri də alıb və alır. Təsadüfi deyil ki, belə bir sarkazm da yaranıb: “Rusiya ordusu dünyada yox, Ukraynada ikincidir”.

Gerçəkdən də, bu, necə dünyanın “ikinci ordusu”dur ki, 5 ildə Ukraynanın hava məkanına nəzarəti ələ keçirə bilməyib. Hansını ki, ABŞ və İsrail Ukraynadan ərazicə az qala, 3 dəfə böyük İrana münasibətdə bir neçə günə reallaşdırdı. Düzdü, ABŞ başda olmaqla, kollektiv Qərb öz maliyyəsi, texnologiyası, kəşfiyyat məlumatları ilə Kiyevə kömək edib və edir – ilk növbədə də öz təhlükəsizlik maraqları naminə. Amma və lakin istənilən halda “güc doğana düşür”...

Bu arada Ukraynanın pilotsuz sistemlər bölməsi “Lazar Qrup”un Zaporojye yaxınlığında döyüşən zabiti Kirill Bondarenko CNN-ə maraqlı fikir söyləyib. O, cəbhədə əhval-ruhiyyənin nəzərəçarpacaq dərəcədə dəyişdiyini deyib. “Biz ön xətdə rus qoşunlarının əhvalının necə dəyişdiyini görə və hiss edə bilirik. Onlar yorulublar. Biz hadisələrin gedişatını dəyişə bildik”, - ukraynalı zabit əlavə edib.

“Əsəb müharibəsi” – Ukrayna ətrafında yaranan gərginliyin əsas səbəbləri

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (İSV) məlumatına görə isə apreldə Ukrayna Rusiyanın ələ keçirə bildiyindən daha çox ərazi azad edib. Məqalədə qeyd olunur ki, bu, Ukraynanın 2024-cü ilin avqustunda Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatdan sonra ilk dəfə baş verib (Axar.az). Bildirilir ki, söhbət hələlik kiçik ərazi dəyişikliklərindən gedir, lakin tendensiyanın özü Putin üçün problemdir. Çünki o, illərdir həm rusları, həm də beynəlxalq auditoriyanı Rusiyanın qələbəsinin qaçılmaz olduğuna inandırmağa çalışır...

Amma bu müddətdə Rusiya Ukraynanı silah alan ölkədən müasir hərbi texnika, PUA və sursat istehsal edən, hətta satan bir ölkəyə çevirib. Bu günlərdə Pentaqon belə, onun təcrübəsini öyrənməyin vacibliyini bəyan elədi. Ən mühümü, Ukrayna sınmadı, dirəndi, uduzmadı və normal, sivil dövlət kimi özünü təsdiqlədi.

Söz düşmüşkən, Zelenski Ukraynası Kremlin bu ölkədə guya neonasist rejimin mövcud olması ilə bağlı təcavüzə haqq qazandırmağa yönəlmiş narrativini də alt-üst elədi. Dünya çoxdan bu nağıla inanmır. Eyni zamanda, Ukraynanı qısa müddətdə vassal dövlətə çevirmək planları puç oldu.

Bunlar əlbəttə ki, Rusiyanın ciddi strateji uğursuzluqları. Moskvanın digər itkiləri də öz yerində. Məsələ həm də ondadır ki, Rusiya qardaş adlandırdığı böyük bir xalqı itirdi. Bəlkə də həmişəlik.

Və sonda. Ukrayna xalqının bəşəriyyət qarşısında daha bir tarixi xidməti odur ki, öz qəhrəmanlığı, mübarizliyi ilə o, nəinki postsovet ölkələrinə, həmçinin, Şərqi Avropa dövlətlərinə Rusiya təhlükəsi önündə etibarlı sipər rolu oynadı. Bundan sonra Kreml belə hərbi avantüralara gedərkən iki-üç dəfə düşünməli olacaq...

Z.SƏFƏROĞLU

Bizə qoşulun