Artıq 5-ci ilinə keçən işğalçı müharibə Putin Rusiyasını getdikcə daha çox taqətdən salmaqdadır. Doğrudur, Ukrayna ilə müqayisədə Rusiyanın ərazisi, resursları, əhalisi çoxdur. Ancaq xərcləri də çoxdur. Üstəgəl, hücum edən tərəf kimi qat-qat ağır itkilər verdiyindən, maddi və insani məsrəfləri qarşılamağa çətinlik çəkir və çəkəcək.
Ukraynanın isə kollektiv Qərbin davamlı dəstəyi hesabına maliyyə çətinliyi, demək olar, yoxdur. Gözlənilmir. Əhalinin vətənpərvərlik ruhu da öz yerində. Ukraynalılar bunca ağıra-acıya, müsibətə rəğmən, sarsılıb-eləməyib, ümidsizliyə, təslimçi ovqata qapılmayıblar.
Ölkənin yeganə “zəif yeri” orduda vuruşacaq kişi əhalinin sayı ilə bağlıdır. Onu da rəsmi Kiyev hərbi-texnologiya (PUA-dronlar, ballistik raketlər və s.) sahəsindəki üstünlük hesabına “kompensasiya” etməyə çalışır və buna uğurla nail da olur.
Onu da unutmaq olmaz ki, hələ sovet dövründə SSRİ-nin hərbi-sənaye kompleksinin, hərbi zavodların mühüm hissəsi Ukraynada yerləşib. Kiyev artıq bu potensialı da hərəkətə gətirib və nə qədər qəribə də olsa, müharibənin gedişində yeni silahların artığını başqa ölkələrə satmağa başlayıb...
Bütün bunlar təcavüzkar ölkəyə yaxşı heç nə vəd eləmir. Onun cəbhədə irəliləməsini aydan-aya bir az da yavaşıdır və hansısa yeni ərazi zəbti Moskvaya əvvəlkindən qat-qat baha başa gəlməkdədir.
Rusiyanın ən ciddi problemi isə Ukraynadan fərqli olaraq, öz problemləri ilə baş-başa, tək qalmasıdır. Belarus xaric, heç bir dövlətin Kremlə sadiq dostluğundan danışmağa dəymir. Hətta “Rus NATO-su” sayılan KTMT-də onun özündən başqa müttəfiqi yoxdur. Blok üzvü olan Qazaxıstan, Qırğızıstan, satellit Ermənistan belə, ondan məsafə saxlamağa, Rusiya orbitindən uzaqlaşmağa çalışır...
Bu fonda ABŞ Prezidenti Donald Trampın az öncə Rusiya və Çini də Sülh Şurasına dəvət eləməsi maraqlı situasiya yaradıb. Moskva isə hələ düşünür. “Gəlir-çıxarını” hesablayır.
“Xarici İşlər Nazirliyi Rusiyanın Sülh Şurasına qoşulması ilə bağlı mövqeyini hələ də formalaşdırır”. Bunu ötən gün Kreml sözçüsü Dmitri Peskov deyib.
Sitat: “Bilirsiniz ki, bizimlə dost olan dövlətlər də daxil olmaqla, bir sıra ölkələrin mövqeləri qeyri-müəyyəndir. Onların hamısı nəzərə alınır”...
İndi buna nə ad qoyaq, fevral zarafatı? Görəsən, Peskov “dost dövlətlər” deyərkən kimi nəzərdə tutur? Axı, rusun klassik anlamda dostu olmur. Çünki Rusiya nəinki dostun, heç qardaşın da qədir-qiymətini bilməyən bir dövlət. Dindaş və dilbir Ukrayna xalqının başına gətirilənləri görməzdən gəlmək mümkünmü?

Rusun dostu yox, situativ tərəfdaşı ola bilər. Azərbaycan timsalında buna dünya az öncə əminlik hasil edib. 2024-cü ilin 24 dekabrına – mülki təyyarəmiz vurulana qədər az qala, belə bir “daşlaşmış” rəy var idi ki, iki ölkə arasına heç kim, heç nə girə bilməz.
Amma girdi. Özünün imperialist velikorus təkəbbürü üzündən Kreml Azərbaycan kimi mühüm və etibarlı tərəfdaşı itirdi. Həm də uzun müddətə, yaxud həmişəlik...
Əgər “dost” qismində Çin nəzərdə tutulursa, Moskva və Pekin bir-birinə simsar sayılmaz. Bunlar qarşılıqlı ehtiyac duyan tərəflər, ən yaxşı halda tərəfdaşlar. Əgər Çin sanksiyalar səbəbindən Rusiyanın su qiymətinə düşən neftinə göz dikibsə və küncə sıxılmış qonşusunu öz tərəfinə çəkib ABŞ ilə rəqabətdə güclü görünməyə çalışırsa, Moskva da, məsələn, Pekin hesabına sanksiya rejiminin ağır nəticələrindən qaçmağa ümid edir.
Söhbət xüsusən də özünün hərbi texnologiyalarının inkişafı üçün gərəkən mikrosxemlərin (mikroçiplərin) təchizatını Çin hesabına qarşılamaqdan gedir. Eləcə də Rusiyanın Şimali Koreya və Hindistanla əlaqələrini “dost-müttəfiq” kateqoriyasına aid eləmək mümkünsüz.
Demək, Rusiyanın başı hələ çox ağrıyacaq. Ta ki, kiçilib öz tarixi torpaqlarına çəkilməyənə qədər...
Zahid SƏFƏROĞLU