Ermənistanda iyunun 7-ə nəzərdə tutulan parlament seçkilərinə 100 gün qaldı. Sabah başlayacaq mart ayında isə yeni konstitusiya layihəsi ictimai müzakirəyə təqdim olunacaq. Bu barədə ölkənin ədliyyə naziri həftələr öncə anons edib.
Bu da o anlama gələcək ki, seçkilərədək Baş nazir Nikol Paşinyanın Bakı və Ankara ilə barışıq planının bütün detalları geniş təbəqələrə, cəmiyyətə bəlli olacaq. Çünki təzə konstitusiyada Azərbaycana və Türkiyəyə ərazi iddialarının yer almayacağı gözləntisi yetərincə ciddidir.
Önümüzdəki kritik, özəlliklə Ermənistan üçün taleyüklü 100 gündə Paşinyan komandası əsas mübarizəni, əlbəttə ki, Azərbaycanla sülh əleyhdarları ilə aparmalı olacaq. Bura erməni kilsəsinin və rusiyalı oliqarx-milyarder Samvel Karapetyanın daxil olduğu Rusiya yönlü qüvvələr, bir də təbii k, erməni diasporu-daşnaklar daxildir...

Hələ ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasından fərqli olaraq, bu pozucu qüvvələrin, “müharibə partiyası”nın parlament seçkilərinə vahid siyahı ilə getməsi alınmır. Qrup və klandaxili ziddiyyətlər, ambisiyalar imkan vermir. Bu da əslində, iqtidar partiyasının əlinə işləyir. Hakimiyyət üstəgəl, inzibati rıçaqlara da malikdir ki, bu da ona ictimai rəydə əlavə xal qazanmaq şansı yaradır.
Lakin Paşinyan böyük ehtimalla, seçkiləri total saxtalaşdırmağa getməyəcək. Daha bir səbəbə: çünki qarşıda konstitusiya ilə bağlı referendum da var. Bu məsələ isə Azərbaycanla sülh prosesini məntiqi sonluğu çatdırmaq üçün ictimai konsensusla yanaşı, hakimiyyətin legitimliyini tələb edir.
Rusiyanın qarşıdakı seçkilərə kiber müdaxilə imkanları da diqqətdən qaçırılmamalıdır. Uzaq ABŞ kimi bir dövlətə “əli çatan” Moskvanın N qədər qul-nökərinin, “it-pişiyinin”, təsir agentlərinin olduğu Ermənistanda bunu daha asan reallaşdıra bilər.
O üzdən rəsmi İrəvanın bu qəbildən kolliziyaları önləmək üçün Avropa İttifaqından xüsusi qrup dəvət eləməsi anlaşılandır. Eyni qrup ötən il Moldovadakı seçkilər zamanı da fəaliyyət göstərib və özünü doğruldub...
Bir sözlə, Paşinyan iqtidarı bir neçə cəbhədə Rusiyanı neytrallaşdırmalı, Kremlin müqavimətini qırmalı olacaq. Daha bir səbəbə: hakim partiyanın parlament seçkilərində növbəti qələbəsi Rusiyanın Ermənistanda qəti olaraq məğlubiyyəti anlamına gələcək və onun regionda qalıb-qalmaması məsələsini zamanla gündəmə gətirəcək. Hər iki qonşu ölkə və region üçün bütün siyasi-hərbi nəticələri ilə birgə.

Yeri gəlmişkən, Ermənistanın energetik sferası Kremlin əlində ən çox ehtimal olunan və güclü təzyiq alətlərindən biri sayılır. Səbəb bəsit: Rusiya ölkənin enerji ehtiyaclarının təxminən 60%-ni təmin edir.
Ona görə də qarşıdakı 100 gündə Bakı və Ankaranın Paşinyana qələbə üçün mümkün dəstəyi verəcəyi gözləniləndir. Xüsusən də Moskvanın Ermənistana iqtisadi-energetik xarakterli təzyiqlərini zəiflətmək üçün kömək ediləcəyi şübhə doğurmur. Zira, söhbət bölgənin bütün xalqlarına sülh, sabitlik və əməkdaşlıq gətirəcək ümumi qələbəni təmin eləməkdən gedir...
Z. SƏFƏROĞLU