Avtomobil bazarında son dövrdə qiymət və tələbatla bağlı müəyyən dəyişikliklər müşahidə olunur. Bəzi xarici və yerli modellərin qiymətində artım qeydə alınsa da, bazarda müəyyən endirimlər və kampaniyalar da mövcuddur. Hələlik bazar tam canlanmayıb və ölü vəziyyət hiss olunur, lakin yaz mövsümü yaxınlaşdıqca satışlarda yüngül canlanma ehtimalı var.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, hazırda avtomobil bazarında vəziyyət mövsümi olaraq durğunluq xarakteri daşıyır.
"Qış aylarında həm sahibkarların, həm də vətəndaşların avtomobil alma potensialı azalır ki, bu da dünya miqyasında qəbul edilmiş bir norma sayılır. Yaz aylarına doğru isə bazarda müəyyən aktivlik olsa da, hələlik yüksək deyil".
Ekspert bildirib ki, bazarda durğunluğun digər səbəbləri idxal olunan nəqliyyat vasitələrinin sayının azalmasıdır.
"Xüsusilə Çindən gətirilən hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq olunan əlavə dəyər vergisi və aksiz gömrük rüsumları idxalı yavaşladıb. Dizel yanacağının qiymətinin benzinə yaxınlaşması isə dizel mühərrikli avtomobillərə marağı azaldıb və bu seqmentdə satışlar xeyli azalıb. Nəticədə hibrid və dizel avtomobillərin idxalında müşahidə olunan azalmalardan bazarda durğunluq yaranıb. Buna baxmayaraq ikinci əl avtomobillərə maraq artır. Ənənəvi markaların satışında son altı ayla müqayisədə canlanma müşahidə olunur. Eyni zamanda utilizasiyaya yönələcək köhnə və istifadəyə yararsız avtomobillərin satışı da bazarda aktivlik yaradıb. Qəbul edilmiş qaydalara əsasən ölkənin bir çox rayonunda bu proses başlayıb və utilizasiya bazarı kifayət qədər genişlənib, bu isə bazara müsbət təsir göstərir".