Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində 2025-ci ilin noyabrından iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri də başlayıb.
2025-ci il noyabrın 28-də Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Azərbaycana, 2026-cı il aprelin 29-da Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Ermənistana səfər edib. Hər iki görüşdə sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələləri müzakirə olunub.
Müzakirələr Mher Qriqoryanın səfəri zamanı Qəbələdə, Şahin Mustafayevin səfəri zamanı Ağverəndə aparılıb.
İyunun 14-də isə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanda olub, bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Dilican şəhərində keçirilən görüşdə tərəflərin Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə etdiyi, həmçinin növbəti görüşün Azərbaycanda keçirilməsi barədə razılığa gəldiyi açıqlanıb.
Göründüyü kimi, bu qarşılıqlı səfərlər zamanı müzakirələr paytaxtlarda – Bakı və İrəvanda yox, bölgələrdə aparılır. Armen Qriqoryanla Azərbaycanda gözlənən görüşün də bölgələrdən birində, üstəlik, Qəbələ, Ağverən və Dilicanın kurort zonaları olduğunu nəzərə alsaq, böyük ehtimalla səfalı bir yerdə keçiriləcəyini söyləmək mümkündür.
Bəs nəyə görə sözügedən görüşlər paytaxtlardan kənarda təşkil edilir?

Medianews.az-ın sualını cavablandıran Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu deyib ki, bu il iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticəsi bu ölkədə ictimai rəyin əsasən Azərbaycanla sülh gündəliyini saxlamağın tərəfində olduğunu göstərdi: “Ermənistanda seçki başa çatıb və indi bizi qarşıda çox böyük işlər gözləyir. İlk növbədə Azərbaycanla Ermənistan arasında ötən il paraflanmış sülh sazişinin imzalanmasına nail olmaq lazımdır. Mənə elə gəlir ki, görüşlərin harada, nə vaxt, necə keçirilməsindən asılı olmayaraq müzakirə olunan məsələlərdən biri mütləq bundan ibarət olacaq. Heç şübhəsiz ki, sərhədlərin delimitasiyası, demarkasiyası, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın bərpası məsələləri də gündəliyin vacib hissəsini təşkil edir.
Görüşlərin bölgələrdə keçirilməsinə gəlincə, hər bir ölkənin paytaxtı həm də onun siyasi mərkəzi hesab edilir. Əgər hər hansı bir ölkə ilə diplomatik əlaqələr yoxdursa, yəni dövlətlərarası rəsmi münasibətlər bərpa olunmayıbsa, bu halda görüşlərin siyasi mərkəzdə, yəni paytaxtda keçirilməsi də diplomatik etika və siyasi məntiq baxımından o qədər uyğun görünmür. Məncə, Azərbaycanla Ermənistan arasında dialoq paytaxtlarda müzakirə olunacaq səviyyəyə qalxandan sonra rəsmi görüşlərin paytaxtlarda təşkili də mümkün olacaq”.
Nailə Qasımova,
Medianews.az