2026-cı ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 ili tamam olur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 1920-ci il aprelin 28-də cümhuriyyət Rusiya işğalı ilə süqut edib, Azərbaycan Sovet Sosialist Respublikası elan olunub. 1922-ci il dekabrın 22-də Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradılıb.
1989-cu il sentyabrın 23-də parlament (Ali Sovet) Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında konstitusiya qanunu qəbul edib. 1991-ci il fevralın 5-dən Azərbaycan Respublikası adına keçilib.
Medianews.az bildirir ki, yeni müstəqillik yolunda ən mühüm addımlardan biri mart ayına təsadüf edir.
1991-ci il martın 7-si parlamentdə “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbul olunub. 43 deputat həmin qərarın - 17 mart referendumuna qatılmağın əleyhinə səs verib.
Tarixə istiqlalçı deputatlar kimi düşmüş həmin şəxslərin 20-si sağdır: Arif Hacılı, Cümşüd Nuriyev, Etibar Məmmədov, Fərəc Quliyev, Firudin Cəlilov, Füzuli Axundov, Hacıbaba Əzimov, İsa Qəmbər, Mətləb Mütəllimov, Mirmahmud Mirəlioğlu, Nəriman Həsənzadə, Ramiz Fətəliyev, Rəhim Qazıyev, Tahir Əliyev, Tahir Kərimli, Tamerlan Qarayev, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Vahid Əhmədov, Vaqif Novruzov.
23 istiqlalçı deputat dünyadan köçüb: Heydər Əliyev, Allahverdi Həsənov, Aydın Məmmədov, Bayram Bayramov, Dilarə Əliyeva, Eldar Bağırov, Ədalət Rəhimov, Əyyam Musayev, Faiq Baxşəliyev, Hicran Kərimli, İbrahim İbrahimli, İxtiyar Şirin, İsgəndər Həmidov, İsmayıl Şıxlı, Maşallah Abdullayev, Məmməd Xələfov, Məryəm Həsənova, Mürşüd Məmmədli, Tofiq Bağırov, Tofiq Qasımov, Şadman Hüseynov, Şahmərdan Cəfərov, Yusif Səmədoğlu.
Rəsmi hesabata görə, 17 mart 1991-ci il referendumunda iştirak edən Azərbaycan seçicilərinin 93,3 faizi ittifaqın saxlanmasını istəyib.
1991-ci il avqustun 19-da SSRİ-də dövlət çevrilişi cəhdi üzündən nəzərdə tutulan Suveren Respublikalar İttifaqını yaratmaq mümkün olmayıb.
1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, oktyabrın 18-də parlamentdə dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul olunub, dekabrın 29-da həmin sənəd ümumxalq səsverməsi ilə təsdiqlənib.