Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2025-2026 mövsümünün sonuna 2 tur qalır, ancaq üç nəticə erkən bəllidir.
Medianews.az bildirir ki, “Sabah” qızıl medalları təmin edib, “Karvan-Yevlax” premyer liqadan ələnib, “Qəbələ” yüksək dəstədə qalmaq üçün aşağı liqanın ikincisi ilə üz-üzə gələcək.
Gümüş medallar uğrunda yarışan “Qarabağ” 63, “Turan Tovuz” 59 xal əldə edib. “Neftçi” 53, “Zirə” 50 xalla dördüncü yerə iddialıdır.
“Sabah” UEFA Çempionlar Liqasının 2026-2027 mövsümünə birinci mərhələdən başlayacaq.
Ölkə kubokunun sahibi üçün start Avropa Liqasının birinci mərhələsində, bürünc medalçı üçün Konfrans Liqasının birinci, gümüş medalçı üçün ikinci mərhələsində nəzərdə tutulur.
Azərbaycan kubokunun 2025-2026 mövsümünün finalına “Sabah” və “Zirə” yüksəlib. Çempion “Sabah” həm də kubok sahibi olsa, Avropa Liqasında ölkəni gümüş medalçı təmsil edəcək. Bu halda çempionatı dördüncü pillədə başa vurmuş komanda da bürünc medalçı ilə yanaşı Konfrans Liqasında yarışacaq.
1992-ci ildən başlayaraq “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz), “Xəzər Lənkəran” və “Sabah” 1 dəfə ölkə çempionu olub.