Medianews.az
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi
110 baxış

Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı

Şəmkir rayonunda kişi nisyə ərzaq ala bilmədiyi mağazanı yandırıb.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən ərzaq mağazasında baş verib.

Şəhər sakini Sabir Əzizov (adı və soyadı şərtidir) adıçəkilən ünvanda yerləşən ərzaq mağazasından 50 manatlıq ərzaq alıb və mağaza sahibinə bildirib ki, ayın sonunda aldığı müavinətlə həmin məbləği ödəyəcək. Ayın sonu o, yenidən mağazaya gəlib və əlavə nisyə ərzaq istəyib. Mağaza sahibi isə ona əlavə ərzaq verməyib. Bundan əsəbiləşən S.Əzizov mağaza sahibindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında spirtli içki qəbul edərək, mağazanın qarşısına gəlib. Mağazanın şüşəsini sındıran Sabir içəri daxil olub, orada vitrində olan spirtli içkiləri qıraraq yerə töküb, mağazaya od vurub və hadisə yerindən qaçıb. Nəticədə mağaza içərisində olan 46 min manatlıq məhsulla birlikdə yanıb.

Əraziyə polis əməkdaşları gəliblər və araşdırmalara başlanılıb. Aparılan araşdırmalar zamanı hadisəni S.Əzizovun törətdiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən S.Əzizov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə mağaza sahibi ilə təqsirləndirilən şəxs arasında barışıq elan edilib.

Məhkəmənin hökmü ilə S.Əzizov üç il azadlıqdan məhrum edilib. Məhkəmə tərəflər arasındakı barışığı nəzərə alaraq, S.Əzizov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və ona bir il sınaq müddəti təyin olunmaqla cəzasını şərti hesab edib.

Bizə qoşulun