Yay aylarında bir çox insan səhərlər üz nahiyəsində şişkinlik, axşam saatlarında isə ayaqlarda ödem hiss etdiyini bildirir. Mütəxəssislər hesab edirlər ki, bunun əsas səbəbi yalnız isti hava deyil, həm də gündəlik qidalanma vərdişləridir.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, Weda Clinic klinikasının klinik nutrisioloqu Alyona Vavilova orqanizmdə maye toplanmasına təkcə duzun deyil, şəkərin və sürətli karbohidratların da səbəb ola biləcəyini bildirib.
Onun sözlərinə görə, şirniyyatlar, un məmulatları, şirin qazlı içkilər və digər sürətli karbohidratlar qlikogen ehtiyatlarını artırır, nəticədə orqanizm daha çox su saxlayır. Mütəxəssis həmçinin kolbasa məhsulları, duzlu qəlyanaltılar, fastfud, hazır souslar, mağaza şirələri, morslar və limonadların istifadəsinin azaldılmasını tövsiyə edib. O qeyd edib ki, qidalanmada bu dəyişikliklərdən sonra müsbət nəticə bir neçə gün ərzində hiss oluna bilər.
Alyona Vavilovanın sözlərinə görə, gündəlik menyunun əsasını tərəvəzlər, göyərti, balıq, yumurta, yağsız ət, quş əti və ölçülü miqdarda dənli bitkilər təşkil etməlidir. Bu qidalar qanda şəkərin səviyyəsinin sabit qalmasına kömək edir və ödem riskini azaldır. Nutrisioloq əlavə edib ki, bəzi hallarda sağlam hesab olunan məhsullar da fərdi qida dözümsüzlüyünə görə iltihab, köp və maye yığılması yarada bilər. Belə məhsullar hər insanda fərqli olsa da, yumurta və süd məhsulları bəzi şəxslərdə ödem və halsızlığa səbəb ola bilər. Mütəxəssis vurğulayıb ki, düzgün qidalanma rejimi seçildikdə bədəndəki şişkinlik azalır, insan özünü daha yüngül və gümrah hiss edir.