Rusiyalı zooloq, həm sovet, həm də postsovet dövründə dissident kimi ad çıxarmış Nina Litvinova 80 yaşında intihar edib.
Medianews.az bildirir ki, Litvinovanın meyiti çərşənbə günü Moskvanın mərkəzində küçədə tapılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr Rusiya mediasına Litvinovanın intiharqabağı məktubunun aşkarlandığını xəbər veriblər.

Mərhumun yaxınları həmin məktubda Litvinovanın Rusiya hakimiyyətini xüsusilə Ukraynaya qarşı müharibəyə və siyasi repressiyalara görə ittiham etdiyini bildiriblər. Onların dediklərinə görə, Litvinova əslində bütün bunları özünəqəsdin səbəbi kimi göstərib.
Nina Litvinovanın yaxın qohumu, jurnalist Mariya Slonim məktubun bir parçasını sosial şəbəkədə paylaşaraq yazıb: “Biz həqiqi səbəbi göstərmək qərarına gəldik: onu Putin öldürüb”.
Məktubda Litvinova qeyd edib ki, Ukraynaya qarşı genişmiqyaslı işğal başlanandan sonra həyat onun üçün dözülməz olub: “Onlara kömək etməyə çalışdım, amma artıq tükənmişəm. Müharibəyə qarşı çıxdıqları üçün həbs edilən insanların taleyi qarşısında gecə-gündüz acizlik hissindən əziyyət çəkirəm. Utanıram, amma artıq tab gətirə bilmədim. Məni bağışlayın”.

Nina Litvinova məşhur sovet dissidenti Pavel Litvinovun bacısıdır.
Nina və Pavel 1930-1939-cu illərdə SSRİ-nin xarici işlər naziri olmuş Maksim Litvinovun nəvələridir.
Nina Litvinova 1960-cı illərdən siyasi məhbusların müdafiəsi ilə məşğul olub.