Dopinq testində meldonium aşkarlanan qazaxıstanlı boksçu Canibek Alimxanulı Beynəlxalq Boks Federasiyasının (IBF) orta çəki dərəcəsində dünya çempionu titulundan məhrum edilib. Qurum bu sərt qərarı idmançının kəmərini vaxtında müdafiə edə bilməməsi ilə əsaslandırıb. Lakin boksçunun komandası geri çəkilmək niyyətində deyil və qərardan apellyasiya şikayəti verəcək.
Medianews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, məsələ ilə bağlı Qazaxıstan Peşəkar Boks Federasiyasının prezidenti Rəhimcan Erdenbekov özünün "Instagram" səhifəsində rəsmi açıqlama yayıb.
"IBF bu gün yekun qərarını açıqladı. Məlum olduğu kimi, IBF-də olduqca sərt qaydalar mövcuddur və göndərilən məktubda məhz bu qaydalara istinad olunur. Onların bildirdiyinə görə, Canibek Alimxanulı 2026-cı il dekabrın 2-dək rinqdən uzaqlaşdırılıb. Eyni zamanda, təşkilatın nizamnaməsinə əsasən, çəkisi nə olursa-olsun, hər bir çempion öz kəmərini doqquz ay ərzində müdafiə etməlidir. Yəni Canibek bu şansı 2026-cı il iyulun 4-dək dəyərləndirməli idi. Yaranmış mürəkkəb vəziyyəti nəzərə alan IBF Direktorlar Şurası 2026-cı il martın 5-də titulu vakant elan etmək qərarına gəlib", - deyə federasiya rəhbəri paylaşımında qeyd edib.
Baş verənlərin boksçunun komandası üçün böyük bir dərs olduğunu vurğulayan Erdenbekov idmançının bu il böyük rinqə möhtəşəm dönüş edəcəyinə inandığını bildirib. O, Alimxanulının "yaxın gələcəkdə dörd dünya titulunun hamısına sahib olacağına" əminliyini ifadə edib. Federasiya rəhbəri bir daha xatırladıb: "Öz növbəsində, Canibekin komandası bu qərara qarşı apellyasiya şikayəti verəcək".
Qeyd edək ki, Ümumdünya Boks Təşkilatının (WBO) orta çəki kəmərini də özündə saxlayan 32 yaşlı yenilməz Alimxanulının aktivində 17 qələbə (12-si nokautla) var və o, peşəkar karyerasında heç vaxt məğlub olmayıb. Xatırladaq ki, daha əvvəl onun dopinq testinin nəticəsində qadağan olunmuş meldonium maddəsi aşkar edilmişdi. Məhz bu səbəbdən o, ötən il dekabrın 7-də kubalı Erislandi Lara ilə gözlənilən döyüşdən imtina etmək məcburiyyətində qalmışdı.
Qadağan olunmuş maddənin aşkarlanmasının ardınca WBO Alimxanulını 2025-ci il dekabrın 2-dən etibarən bir il müddətinə diskvalifikasiya edib. İdmançı WBO-nun orta çəki çempionluq kəmərini özündə saxlasa da, cəza müddəti bitdikdən dərhal sonra müvəqqəti çempiona qarşı titulunu müdafiə etməli olacaq. Erdenbekov daha əvvəl verdiyi açıqlamalarda meldoniumun boksçunun orqanizminə tamamilə təsadüfən düşdüyünü iddia etmişdi. Onun sözlərinə görə, preparat adi bir klinikada, Ümumdünya Antidopinq Agentliyinin protokolları ilə tanış olmayan həkimin təyin etdiyi dərmanla birlikdə qəbul olunub.