İtaliya Nazirlər Şurasının sədri, baş naziri Ciorcia Melonidən sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər etdi. Avropalı xanımların hər ikisi Bakıya İrəvandan – Avropa İttifaqının sammitindən gəldilər. Bu, həm də o deməkdir ki, Azərbaycansız bölgədə nəyəsə nail olmaq mümkün deyil, istəyir Ermənistan “göyə çıxsın”.

Azərbaycanın ədaləti bərpa etməsindən, torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni reallıq yaratdığı, prosesləri diktə etdiyi artıq beynəlxalq səviyyədə qəbul olunur. Bunu Avropanın Bakıya səfər edən xanım siyasətçiləri “kişiyanə” davranışları ilə bir daha təsdiqləmiş oldular. Bu iki qadının “kişi kimi” davranışları, Azərbaycanla bağlı müsbət fikirləri, açıq, prinsipial mövqeləri cəmi 5 gün əvvəl ölkəmizin əleyhinə qətnamə qəbul etmiş Avropa Parlamentinə cavab oldu. Özü də bu səfərlər Azərbaycan Prezidenti İlham Əliyevin İrəvandakı sammitə onlayn qoşularaq çıxış etməsindən, həmin Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının qərəz, hikkə dolu siyasətinə sərrast şəkildə qiymət verməsindən sonra həyata keçirildi. Bu iki xanım həmin çıxışdan sonra tərəddüd etmədən Bakıya gəldilər, layiq olduqları şəkildə, hörmətlə qarşılandılar, yüksək səviyyəli görüşlər keçirildi. Yəni bizə doğru bir addım atana qarşı biz iki addım atarıq...

Ermənistan mətbuatı da yazır ki, İrəvan sammitində də nəzərlər Bakıya yönəldi, əsas müzakirə mövzusu Azərbaycan və onun lideri oldu. Bu, Avropanın Azərbaycanın yerini və rolunu görməzdən gələnləri üçün də vacib nüansdır.
Kaya Kallas Azərbaycanı Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşı adlandıraraq, Bakıda olmaqdan məmnunluğunu ifadə etdi!
İtaliyanın baş naziri Ciorcia Meloni Prezidentlə görüşdən sonra “Biz bir daha təsdiq etdik ki, əməkdaşlığımızı daha da genişləndirməliyik”, dedi. Azərbaycanın önəmi danılmaz faktora çevrilib. Görməyənlər peşman olacaqlar!

Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitindəki çıxışında bildirdi ki, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur:
“İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi”.
Öldürücü cavab idi. Bundan sonra Avropa Parlamentinin prezidenti Roberta Metsola adları çəkilən xanım siyasətçilərin ardınca Bakıya səfər edib, şəxsən Prezident Əliyevdən üzr istəmək əvəzinə uğursuz cavabla vəziyyətdən çıxmağa üstünlük verdi. Avropa Parlamentini guya “seçilmiş nümayəndələrdən ibarət demokratik qurum” adlandırdı. Bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə burun soxan qurumun nə qədər “seçilmiş” olduğunu izah etməyə zatən gərək yoxdur. Ölkənin özü seçilib və BMT tərəfindən suveren əraziləri ilə birgə tanınıb, indi özünü “demokratik” adlandıran korrupsiya bataqlığına və ya kimlərinsə təsiri altına düşənlərin nə ixtiyarı var torpaqlarını işğaldan azad etmiş ölkə əleyhinə “həftə səkkiz, mən doqquz” qətnamə qəbul etsin? Amma bu “demokratlar” belə durumu hələ də özlərinə yaraşdırırlar, çox təəssüf ki...Bu gedişlə onlar “Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Bakıda keçirilməsi planlaşdırılan sammitinə də kölgə salmağa çalışacaqlar, şübhəsiz ki...Nə qədər tez islah olunsalar, özləri üçün faydalıdır. COP29-a evsahibliyi edən Azərbaycan əleyhinə nə qədər çalışdılar, yel qayadan bir şey aparmadı. Məsələn, o zaman Nikol Paşinyanı da öz oyunlarına alət edib, namizədliyini dəstəklədiyi ölkənin keçirdiyi yüksək səviyyəli konfransda iştirakdan məhrum etdilər. Amma bu gün Paşinyan iki il sonra Bakının evsahibliyi edəcək zirvə toplantısında iştirak edəcəyini deyir. Çünki gördü onu yanlış yola istiqamətləndirirlər Avropadakı dostları...

Yaxud Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Bakıda keçirilən BMT-nin iqlim sammitinə (COP29) qatılmadı, bəhanə gətirdi ki, Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq. COP-umuzun (üzüyümüzün) qaşımı düşdü? Yox. Tədbir yüksək səviyyədə baş tutdu. Makron gəlmədi, nə dəyişdi? Heç nə. Eynilə Qranadada baş-başa verib, Azərbaycansız nələrsə müzakirə edəndə də nələrsə əldə edəcəklərini zənn edirdilər, heç bir şey alınmadı. Çünki Azərbaycan “oldu” demədən olmur!
Budur, Avropa İttifaqı Şurasının (Aİ) prezidenti Antonio Koşta İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları üzrə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə bəyanatla çıxış edib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin sammitində iştirakı Bakı və İrəvan arasındakı münasibətlərdə yeni atmosferin formalaşmasının göstəricisidir”.
Qeyd olunub ki, Avropa İttifaqı dayanıqlı gələcək qurmaq üçün region ölkələri ilə əməkdaşlıq edərək Cənubi Qafqazda sülh və normallaşma proseslərini dəstəkləməyə davam edəcək.
Bəs indiyədək biz nə deyirdik? Azərbaycan Prezidenti dəfələrlə çağırışlar etmişdi, sülhə aparan yolun xəritəsini təqdim etmişdi, amma dirəniş göstərirdilər, Ermənistanı da öz siyasətlərinə alət etmişdilər. Amma bununla bitəcəkmi? Çətin. Bitməsindən ötrü bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təminatçısı rolunda çıxış edən Liderin, ölkənin təklifləri birmənalı qəbul olunmalı, prosesə kölgə salan hallar aradan qaldırılmalıdır! Məsələn, Avropa Parlamenti və AŞPA bundan sonra Azərbaycan və Ermənistan arasındakı proseslərə xələl gətirə biləcək fəaliyyətə son qoymalıdır! Avropa Parlamenti Ermənistandakı kəşfiyyatçı missiyanın fəaliyyətini vaxtından tez dayandırmalı, rəsmən 209 nəfər olduğu bildirilən heyətin “ev”ə dönüşünə qərar verməlidir! Amma əgər “hibrid müharibə əleyhinə” adı altında ikinci missiya göndərilirsə, demək, sözlə əməl üst-üstə düşmür. Nə olsun ki, Avropa İttifaqının missiyasının Ermənistanda qalma müddəti 2027-ci ilədək nəzərdə tutulub. Rusiyanın Qarabağdakı sülhməramlılarının vaxtından tez yola salınması nümunəsi var! Demirsiniz, biz də sülhü dəstəkləyirik? Onda zəhmət çəkin, imkan verin, sülh şəraitində yaşayaq! Necə ki, Azərbaycan Prezidenti “Avropa Siyasi Birliyi” üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək sammitə dəvət edərkən “Yeri gəlmişkən, Ermənistan da bizim namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan və Ermənistan arasında sülhün reallıq təşkil etdiyinin aydın göstəricisidir”, söylədi. Nikol Paşinyan da “Buyurun, cənab Prezident” deyərək nəzakətlə söz verdiyi Azərbaycanın dövlət başçısı ilə əməkdşalığından məmnunluğunu daim dilə gətirir, ölkəmizin tranzit imkanlarından yararlanmasına, neft məhsulları əldə etməsinə görə təşəkkürünü bildirir.
Belə bir şəraitdə ortada hansısa “missiya”nın qalmasına nə ehtiyac var? Əks təqdirdə, şübhə qalmır ki, Avropa İttifaqının missiyası Avropa İttifaqı və AŞPA-nın yeni gərginlik yaratma ssenarisi üçün bölgədə bəslənən dəstələrdir. “Binokl diplomatiyası”na Rusiya-Ukrayna cəbhəsində, lap elə Rusiya ilə Avropanın sərhədlərində ehtiyac var, Azərbaycan və Ermənistanın şərti sərhədlərində yox!

Avropa İttifaqının missiyasının əsas təşəbbüskarı olan Fransa prezidenti Makron iki xanım siyasətçi qədər cəsarət nümayiş etdirib Bakıya səfər edə bilmirsə, onda heç olmasa barışa yox, qarışdırıcılığa xidmət edən missiyasını özü ilə aparsın! Əgər sülh istəyirsə...