Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyevin müğənni Manaf Ağayev haqda verdiyi açıqlama mediada böyük səs-küyə səbəb olub. Belə ki, sənətkar iddia edib ki, Manaf Ağayev “Şahnaz” muğamını oxuya bilməz.
Medianews.az-a açıqlama verən sənətkarların bəziləri Manaf Ağayevin muğam oxumağını bəyənsələr də, onu dəstəkləməyənlər də oldu.
Əməkdar artist, xanəndə, ustad sənətkar Elza Qaybalıyeva saytımıza açıqlamasında bildirib ki, hazırda Manaf Ağayevin muğam oxumaq səs imkanları məhduddur:
““Şahnaz” muğamı oxumaq üçün böyük səs tələb olunur. Bunu hər adam oxuya bilməz. Nə kişilərdən, nə də qadınlardan. Bəlkə də cavanlığında Manafın səs imkanları yol verərdi oxusun, amma indi yaşlanıb. Muğamı oxumağın da bir yaşı var. Mənim Ağdamda Yetim Paşa adlı bir müəllimim var idi, gecənin yarısında dursaydı “Şahnaz” muğamı oxuyardı. Bu Allahın vergisi idi. Yaşı da var idi. Hazırda Manafın səsi imkan verərmi oxusun? Bunu bilmirəm! Manaf ömür boyu mahnı oxuyub, arada da muğam ifa edib. O sırf muğam bilmir ki. Muğamı bilsəydi Bakı kəndlərinə toylara aparardılar da onu.. Bakı kəndlərinin toylarında qadın xanəndələrdən bir mən idim, bir də rəhmətlik Qəndab Quliyeva. Hər adamı qəbul etmirdilər axı. Kənd əhli qəzəlləri dənə-dənə bilirdi. İndi yox, əvvəlki vaxtlardan danışıram. Manafın səsi ola bilsin ki, indi “Şahnaz”-a çatmaz”.

Əməkdar artist Sevinc Sarıyeva bildirib ki, Manaf Ağayev səsindən düzgün istifadə etsə, bütün muğamları oxuya bilər:
“Manaf Ağayevin pis səsi yoxdur. O oturub müəyyən mahnılarını, repertuarını kənara qoysa, 3 ay muğamla məşğul olsa, niyə oxumur ki? Oxuyar, o yana da keçər. Manaf oxuya bilər. Ən azından Manafın məlumatı var ki, bu hansı muğamdır. Bədbəxt o kəslərdir ki, onlar bilmirlər oxuduqları mahnı hansı muğamın üstündədir. Burası da var. Manaf özü də o gün verilişlərin birində etiraf etdi ki, mən muğam oxuyan deyiləm, Bakı kəndlərinə toya getməyə qorxuram”.

Müğənni Əli Mirəliyev isə mövzuya özünəməxsus şəkildə münasibət bildirib:
““Şahnaz” muğamı səs tələb edir. Vamiq Məmmədəliyev müsahibə verib, amma o oxuculara izah etməyib ki, “Şahnaz” muğamınını oxuyan xanəndənin Xan əmi (Xan Şuşinski) kimi zil səsi olmalıdır. Manaf mənim dostumdur, amma o da bu muğamın öhdəsindən gələ bilməz. “Do” kökündən tar çalınsa Mənsum, Təyyar, Babək, İlkin oxuya bilər, amma Manaf oxuya bilməz. Mən demirəm ki, Manaf oxuyan deyil. O pərdəyə səsi çatmaz. Manaf gözəl oxuyandır. Amma o pərdə səs və zəngulə tələb edir. Özü də şaqraq səs.. Mənim heç musiqi təhsilim yoxdur, amma xanəndələrə izah edərəm ki, bunu necə oxumaq lazımdır. Mən kol dibindən, insanların arasından çıxmışam. Mən gedib bunun məktəbini oxumamışam, oxuyanlara qulaq asmışam”.
Əli Əsgər
Medianews.az