Medianews.az
KİV: Türkiyə, Misir və Pakistan ABŞ ilə İran arasında vasitəçilik edirlər
64 baxış

KİV: Türkiyə, Misir və Pakistan ABŞ ilə İran arasında vasitəçilik edirlər

Türkiyə, Misir və Pakistan hazırda İran və ABŞ arasında vasitəçi kimi çıxış edirlər.

Bu barədə ABŞ-nin "Axios" portalının və İsrailin "Channel 12" telekanalının əməkdaşı Barak Ravid məlumat yayıb.

"ABŞ mənbələrinə görə, son iki gündə Türkiyə, Misir və Pakistan tərəfindən gərginliyin azaldılmasını təmin etmək məqsədilə ilə tərəflərə mesajlar ötürülüb. Bu üç ölkənin yüksəkvəzifəli rəsmiləri Ağ Ev rəsmisi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçı ilə ayrıca danışıqlar aparıblar. Vasitəçilik davam edir və irəliləyiş əldə edilir. Müharibəyə son qoymaq və bütün həll olunmamış məsələləri yoluna qoymaq üçün müzakirələr aparılır", - deyə jurnalist adı açıqlanmayan mənbəyə istinadən sosial şəbəkə hesabında paylaşım edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın son iki gündə hərbi əməliyyatların dayandırılması ilə bağlı məhsuldar danışıqlar apardığını bəyan edib.

Ölkə başçısı deyib ki, tərəflər həftə ərzində müzakirələri davam etdirəcəklər. İddiaya görə, bununla əlaqədar olaraq ABŞ lideri İranın enerji infrastrukturuna mümkün zərbələri beş gün təxirə salınmasını tapşırıb.

İranın "Tasnim" agentliyi isə mənbəsinə istinadən bildirib ki, Tehran Vaşinqtonla münaqişəyə son qoymaq üçün danışıqlar aparmayıb və aparmır.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb./oxu.az

Bizə qoşulun