ABŞ və İran mümkün 45 günlük atəşkəsi müzakirə edir.
Bu barədə "Axios" mənbələrə istinadən məlumat verib.
Bildirilib ki, ABŞ, İran və bir qrup regional vasitəçi münaqişəyə son qoya biləcək mümkün 45 günlük atəşkəsin şərtlərini müzakirə edirlər. Nəşrin mənbələri növbəti 48 saat ərzində razılaşmanın əldə olunma ehtimalının az olduğunu qeyd etsələr də, bu addımın vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün yeganə çıxış yolu ola biləcəyini vurğulayırlar. Əks halda, gərginliyin artması İranın mülki infrastrukturuna kütləvi zərbələrin endirilməsinə, eləcə də Fars körfəzi ölkələrinin enerji və su təchizatı sistemlərinə cavab hücumlarına səbəb olacaq.
Mənbələr qeyd edirlər ki, Pakistan, Misir və Türkiyədən olan vasitəçilər tərəflər arasında inamı artıracaq tədbirlərin görülməsinə ümid edirlər. Onlar Tehranın Hörmüz boğazının açılması və nüvə proqramı ilə bağlı müəyyən addımlar atacağını gözləyirlər.
"Onlar ABŞ Prezidenti Donald Tramp administrasiyasının atəşkəsin müvəqqəti xarakter daşımayacağına və münaqişənin yenidən başlamayacağına dair İrana zəmanət verməsi üçün hansı tədbirləri görə biləcəyi üzərində də işləyirlər",- deyə məqalədə qeyd edilib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti müsahibəsində aprelin 7-nə qədər İranla saziş bağlamaq ehtimalının yüksək olduğunu bildirmişdi. O, İranın 6 aprelə qədər Hörmüz boğazını açmayacağı təqdirdə enerji və mülki infrastruktur sahələrinə zərbə endirəcəyi ilə hədələmişdi. ABŞ lideri İranla mümkün saziş bağlamaq üçün son tarixi 24 saat - 7 aprel Şərq vaxtı ilə saat 20:00-a qədər (8 aprel Bakı vaxtı ilə saat 04:00) uzadıb./oxu.az