ABŞ-ın erməni əsilli realiti-şou ulduzu, fotomodel, aktrisa, biznesmen Kim Kardaşyanın beynində anevrizma aşkarlanıb.
Medianews.az-ın məlumatına görə, beyin müayinəsinin nəticəsini biləndə 45 yaşlı Kardaşyanın məsələyə ilk reaksiyası belə olub: “Bu həftə həyatımın ən çətin həftəsi oldu”.
Anevrizma - bir arteriyanın divarının zəifləməsi səbəbindən onun genişlənməsi və ya balon kimi şişməsidir. Bu vəziyyət istənilən arteriyada əmələ gələ bilər, lakin ən çox beyin, aorta, bədənin digər iri damarları və ya periferik damarlarda rast gəlinir.
Anevrizma ciddi sağlamlıq probleminə çevrilə bilər, çünki damarın divarının daha çox zəifləməsi və yırtılması (rüptura) riski yaradır. Bu, ağır qanaxmaya və həyat üçün təhlükəli vəziyyətlərə səbəb ola bilər.
Beyin anevrizması – beyindəki qan damarı divarının təzyiq altında qabarmasıdır. Bu qabarcıq partlasa beyində qanaxma - hemorragik insult baş verə bilər.
ABŞ-ın “Röyter” agentliyi yazır ki, Kim Kardaşyanın səhhəti barədə ətraflı məlumat yoxdur. Onun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi və vəkili jurnalistlərin bu mövzuda sorğularına cavab verməkdən imtina edir.


