Medianews.az
Kanalizasiya haqqında hədis
84 baxış
Yüklə

Kanalizasiya haqqında hədis

Bizim küçədən təxminən 20 ildir kanalizasiya suları davamlı şəkildə asfaltın üstü ilə axır, ancaq heç bir idarə gəlib bunu düzəltmir. Maraqlıdır ki, hamıdan vaxtaşırı kanalizasiya pulu alınır, o pullar hara gedir, bilinmir. Yəqin NASA-nı maliyyələşdiririk.

Artıq yerli əhali taleyi ilə barışıb, kanalizasiya sularıyla birgə yaşayışın üsullarını tapırlar. Məsələn, dükançı obyektin qabağına taxta paletlər (yük altlığı yazaq, ana dilimizi qoruyaq) döşəyir, balaca beton baryerlər qurur. Mən onun bu mühəndis yaradıcılığını izləyərkən həmişə fikirləşirəm, gör nə boyda istedad kənd qatığı, turp, lavaş satmaq kimi xırda-mırda fəaliyyətlər içərisində ömrünü çürüdür. Halbuki, ona Taxtakörpü su anbarının tikintisini tapşırmaq olardı. Bizdə belədir hər iş, nə edəsən... Mühəndis kəlləli adam qatıq satır, anbarın projesi üçünsə xaricdən mütəxəssis çağırırıq.

Şalvarın balağı iyli, çirkli suya batmasın deyə hoppana-hoppana gəzirik, idman eləyirik. Nəticədə məhəllədəki xeyir-şər evi işsiz qalıb, qan ağlayır. Bir qonşumuz bütün eyvanı ətirşahla doldurub ki, bəlkə “suların” qoxusunu boğsun. Çiçəklər açanda küçəmizə çoxlu turistlər axışır, şəkil çəkdirib internetdə paylaşırlar.

Yeganə olaraq hələlik vəziyyətlə barışmayan bir qonşu var, 3-4 gün qabaq kanalizasiya axınlarını videoya çəkib “Dağıstandakı sel Bakıya çatdı” şərhiylə mənə göndərmişdi, deyir bunu qəzetədə-zadda ver, uca millətimiz görsün. Ancaq elə həmin gün necə yağış başladısa bizim “perpetuum kanalizasiya”nın videosu anekdot kimi zada döndü. Füzulinin şeirindəki kimi, pəhləvanlar cəngə çıxanda uşaq qarğı atı səyirdir, guya bunun da nəsə qoçaqlığı vardır. Küçəmizin sevimli axıntıları gözümüzdən düşdü.

Keşlədə kanalizasiya kollektorunun üstündə tikilən evi sökdülər, bəs ona “bələdiyyə sənədi” verən adamı niyə axtarıb cəzalandıran yoxdur? Bizdə az qala bütün bələdiyyə sədrləri oliqarx kimi yaşayırlar, əksəriyyəti də YAP üzvləridir. Yaxşı olar belə problemlər çıxanda zərərçəkənlərə kompensasiyanı bu durumu yaradanlar, o cümlədən bələdiyyə sədrləri ödəsin.

Müəllifi tam dəqiq bilinməyən qədim aforizm var: “Sular enəndə qarışqalar balıqları yeyir, sular qalxanda balıqlar qarışqaları”. Lakin nədənsə bizdə həmişə yeyilən elə yetim qarışqalar – zəhmətkeş fəhlə-kəndli sinfi olur. Akula-məmurlar hər vaxt sel-sudan “quru” – mənfəətlə çıxırlar. Deyir Quba yolunu sel ona görə basıb ki, vaxtilə yolu çəkəndə altından sel ötürücü qoymayıblar. Qədim dövrlərdə bu kimi fəlakətlər heç olmazsa müəyyən iclas və müşavirələrlə yekunlaşırdı, hansısa məmurun dərisi boğazından çıxarılırdı, xalq da tamaşaya baxıb həzz alırdı. Əlaqədar orqanlardan xahiş edirik, bizə tamaşa göstərin, zavod çörəyi bəs eləmir.

Bu dəfə suların qalxması ekzotik şəkildə milli futbolumuzda da özünü biruzə verdi. Kubok oyunlarında uduzan komandanın sahibi haqsızlıq edən hakimi “suyu oturub içən” adlandırdı. Bəlkə sayın oxucularımız bu temanı dərindən bilmir, suyu ayaq üstə içməyin günah sayıldığı hədis “Səhihi-Müslim” adlı qədim müsəlman dini kitabındadır. Guya peyğəmbər suyu mütləq oturub içməyi tapşırıb. Maraqlıdır ki, islamda bunun tam tərsi olan hədis də var, “Səhih-Buxari” adlı hədis toplusunda, 1933-cü hədisdə yazır: “Əli ibn Əbu Talib ayaq üstə su içdi və dedi, camaat ayaq üstə su içməyin bəyənilməyən əməl olduğunu hesab edir, halbuki, mən Peyğəmbərin ayaq üstə su içdiyini görmüşəm”.

Əlbəttə, dəvə sidiyi içməyin faydaları haqqında da hədis var, dində belə uydurma temalar çoxdur (Mirzə Cəlil bunları “Qayırma hədislər” adlandırmışdı). Ancaq “Dağa yaxın yerdə yaşamaq bəyənilmir” hədisini hazırda sürüşmə zonasında, Bayıl yamacında evi dağılan yoldaşlar üçün uyğun saymaq olar.

Kanalizasiya sularının murdar sayılması barədə də hədis var, lakin onun çarəsi verilmişdir, deyir ayağını torpağa sürtsən nəcasətdən arınır, təmizlənirsən. Bakıda açıq torpaq qalmayıb, qranitə sürtmək caizdirmi, ta burasını bilmirəm.

Zamin HACI

Bizə qoşulun