Türkiyədə iqtidarda olan AK Partiya, İsrailin Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir tərəfindən aktyor Görkem Sevindik-ə yönələn təhdidlərə sərt etiraz edib.
Medianews.az xəbər verir ki, məsələ aktyorun İsraildə edam cəzası ilə bağlı qanun təşəbbüsünə etiraz etməsindən sonra gündəmə gəlib.
Görkem Sevindik paylaşımında insanları səssiz qalmamağa çağıraraq, “Əgər bu gün insan olduğumuzu göstərə bilməsək, nə vaxt göstərəcəyik?” sözlərini deyib.
Buna cavab olaraq İsrailin ifrat sağçı naziri Ben-Gvir aktyoru hədəf alan video yayımlayıb. O, Sevindiyə qarşı təhdid xarakterli ifadələr işlədərək, onun “heç vaxt ata ola bilməyəcəyini” deyib və İsraildə ölüm cəzasının artıq terrorçular üçün tətbiq olunduğunu vurğulayıb.
AK Partiya Qrup sədrinin müavini, eyni zamanda sənətçi Bahadır Yenişehirlioğlu isə yayımladığı video açıqlama ilə bu sözlərə reaksiya verib. O bildirib ki, bu cür ifadələr sənətə, insanlığa və ümumbəşəri dəyərlərə qarşı yönəlmiş açıq hücumdur.
Yenişehirlioğlu vurğulayıb ki, İsrail rəsmisinin bu cür təhdidləri qəbuledilməzdir və heç vaxt normallaşdırıla bilməz. O, həmçinin qeyd edib ki, nifrət dili və qorxu siyasəti ilə üstünlük qazanmağa çalışan yanaşmalara qarşı mübarizə davam edəcək.
Sonda AK Partiya rəsmisi, İsrailin siyasətinə qarşı səssiz qalmadığı üçün Görkem Sevindiyə dəstək ifadə edib və onu təbrik edib.
Medianews.az