İranın raket hücumları fonunda İsraildə həyəcan siqnalları səslənərkən, israilli jurnalist Yair Pinto bunkerlərdə sığınan insanlar üçün ərzaq yardımı çağırışı edib.
Medianews.az xəbər verir ki, onun sosial şəbəkədə paylaşdığı video qısa müddətdə geniş yayılıb və müxtəlif reaksiyalara səbəb olub.
ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə 12-ci gününə daxil olarkən, Pinto paylaşımında ölkədə yeni bir humanitar problemə diqqət çəkib. O bildirib ki, davamlı raket hücumları səbəbindən bir çox ailə günlərlə sığınacaqlarda qalır və bu da gündəlik həyatın ciddi şəkildə pozulmasına gətirib çıxarıb.
Jurnalist beynəlxalq ictimaiyyətə müraciət edərək videoda belə deyib: “Sirena səsləri eşidilir. Ailələr sığınacaqlara qaçır. Lakin səssizcə başqa bir böhran baş verir – İsraildə boş mətbəxlər. Bu müharibənin gizli qurbanlarına kömək edin”.
İranın son raket hücumlarından sonra xüsusilə Təl-Əviv və digər şəhərlərdə hava hücumu siqnalları səslənib, əhalinin böyük hissəsi təhlükəsizlik məqsədilə sığınacaqlara üz tutub.
Sosial mediada sürətlə yayılan video müxtəlif müzakirələrə də səbəb olub. Bəzi istifadəçilər videoya “Onlar Qəzzaya etdiklərini yaşayırlar” kimi şərhlər yazaraq İsrailin Qəzzadakı əməliyyatlarına istinad ediblər.
Medianews.az