Martın 9-u səhər İranın İsrailin Or Yəhud şəhərinə atdığı kasetli bombadan həlak olan iki nəfərin ad-soyadı açıqlanıb.
Medianews.az xəbər verir ki, İsrailin ingilisdilli “Times of İsrael” nəşri onların ad-soyadlarını belə göstərib: Amid Murtuzov və Rustam Qulomov.
Medianews.az bildirir ki, Amid Murtuzovun azərbaycanlı olduğu dəqiqləşib. Atasının adı Əlidir.
Artıq sosial şəbəkələrin Azərbaycan seqmentində Murtuzov Amid Əli oğlunu şəxsən tanıyanların təəssüf dolu açıqlamaları yer almaqdadır.

Amid Murtuzov
Rustam Qulomov ad-soyadı ilk baxışdan onun Mərkəzi Asiyanın keçmiş sovet respublikalarından olduğu təəssüratını doğurur. Lakin bu ad-soyad Rüstəm Qulamovdursa, onda azərbaycanlı da ola bilər.
“Times of İsrael” nəşri hər iki şəxsin 40 yaşlarında olduğunu, Petah Tıkva şəhərində yaşadığını, Or Yəhudda inşaatda fəhlə kimi çalışdığını, raket hücumu zamanı sığınacağa girmədiyini qeyd edir. Eyni tikinti sahəsində onlarca işçinin sığınacağa girdiyi üçün xilas olduğu da vurğulanır.
Or Yəhud İsrailin paytaxtı Tel-Əvivin də daxil olduğu mərkəzi dairədə, Ben Qurion Beynəlxalq Hava Limanı yaxınlığında, strateji mövqedə yerləşən bir şəhərdir.