Medianews.az
İrəvanda İSTERİYA -
94 baxış

İrəvanda İSTERİYA - Əski parçasını asmağa YER tapılmır

Ermənistan cəmiyyətinin Azərbaycanla sülhə hazır olduğunu söyləmək hələ ki, tezdir. Hər halda, son parlament seçkilərinin nəticələri bu toplumun 30-40%-nin günü bu gün də “miatsum” virusundan əziyyət çəkdiyini təsdiqləyib. “Müharibə partiyası” üst-üstə təxminən o qədər səs yığıb.

Doğrudur, Nikol Paşinyanın partiyası qalib gəlib (50%) və parlamentdəki yerlərin yarıdan çoxuna sahiblənib. Lakin Azərbaycan Nikolun hökuməti ilə yox, erməni xalqı ilə sülh müqaviləsi imzalamaq istəyir. Ki, həmin sənəd bütün zamanlar və hakimiyyətlər üçün qüvvədə olsun, legitim sayılsın. Bundan ötrü Ermənistanın konstitusiyası beynəlxalq hüquqa uyğunlaşdırılmalı, oradan “artsax-sarsaq” söhbəti çıxarılmalıdır. Ondan qabaq isə əlbəttə ki, xəstə beyinlərdən...

Əfsus ki, “sağalma” prosesi ləng gedir. Bu da “isti” nümunə.

Özünü “Artsax İctimai Şurası”nın üzvü və "hüquq müdafiəçisi" kimi təqdim edən Nare Simonyan ad-soyadlı zat görün, nə çərənləyir. Baş nazir Nikol Paşinyanı nəzərdə tutan Simonyan yazıb: “Milli kimliyin düşmənləri. “Artsax” bayrağı Fransa meydanından götürülüb. Hakimiyyətin “Artsax” əleyhinə isteriyası davam edir”.

Digər sosial media istifadəçiləri də İrəvanın Fransa meydanından qondarma “bayrağın” götürüldüyünü bildiriblər. Bu əski parçasının 2022-ci ildən orada olduğu deyilir. “Gözlənildiyi kimi, hakimiyyətin antiartsax isteriyası davam edir və seçkilərdən sonra yeni təzahürləri peyda olur”, - Simonyan ərz edib.

“Antiartsax” isteriyası, yoxsa “artsax” isteriyası? Gör, kim kimi nədə ittiham edir. Bu faşist "axçi"nin qafası deyəsən əməllicə qaçıb...

Sual yaranır: bir ölkənin başqa bir suveren ölkəyə qarşı ərazi iddiasını simvolizə edən “bayraq” niyə də meydandan götürülməsin? Azərbaycanda 29.7 min kv km-lik Ermənistana torpaq iddiası ilə bağlı hər hansı hərəkətə yol verilirmi? Hansısa sənəd, qanunverici akt varmı? Yoxdur.

Əgər Qərbi Azərbaycan İcmasını deyirlərsə, bu, sırf beynəlxalq hüquqa uyğun yaradılmış QHT-dir və nə ayrıca bayrağı var, nə də nizamnaməsində Ermənistana ərazi iddiası ilə bağlı bənd. Odur ki, revanşist ünsürlər, nəhayət, ağıllarına başlarına yığmalı, özlərinə rəva bilmədiklərini Azərbaycana görməməlidir. Əks halda, yenə "dəmir qapaz" yeyəcəkllər...

“Artsax” bayrağı Ermənistanda QADAĞAN EDİLMƏLİDİR

Xəbər doğrudursa, Paşinyan əlbəttə ki, düz edib. Bu mifik qurumun “bayraq” adlandırılan əski parçasının parlament iclasları zamanı hansısa revanşist-deputatın qabağında qoyulması da həmişəlik qadağan olunmalıdır. Gərəkdirsə, buna gərə müvafiq cəzalar təyin edilməlidir. Çünki belə əməllər müstəsna olaraq, böyük sülhə və barışıq prosesinə qarşı olmaqla yanaşı, cəmiyyətdə müharibə ovqatını saxlamağa yönəlib.

Təbii ki, bu qəbil demarşlar və ona ictimai-siyasi reaksiya erməni toplumun nə dərəcədə sülhə hazır olduğunu bir daha nümayiş etdirir. Xəstə kəsimin “artsax” çırpıntıları isə yəqin ki, yeni konstitusiyanın qəbulunadək davam edəcək. Çünki hələlik qüvvədə olan konstitusiyaya istinadla iddia edə bilərlər ki, “Qarabağ Azərbaycan deyil”...

Yeni layihə isə referenduma parlamentin razılığı olmadan da çıxarıla və təsdiqlənə reallaşa bilər. Məsələ ondadır ki, referendum haqda qanuna görə, 300 min vətəndaşın imzası kifayətdir ki, təşəbbüs parlamentin razılığı olmadan reallaşsın. 300 min imza isə Paşinyan partiyası üçün problem ola bilməz. Elə 7 iyun parlament seçkilərində bu partiya 728 min səs alıb. Hərçənd, iştirak faizindən asılı olaraq, yeni konstitusiyanın qəbulu üçün daha çox səs lazım ola bilər.

Ancaq bu, bizim problem sayılmaz. Bu – hakimiyyət də daxil, Ermənistanın problemi. Həm də çözülə bilən problem. Təbii ki, ağılları olsa...

Z. SƏFƏROĞLU

Bizə qoşulun