“İran tərəfdən belə bir təxribatçı addımın atılacağı ehtimalı kifayət qədər yüksək idi”. Politoloq Oqtay Qasımov bu gün Azərbaycanın dron hücumuna məruz qalması hadisəsini Medianews.az-a şərh edərkən belə deyib.

O qeyd edib ki, hələ fevralın 28-də ABŞ və İsraillə İran arasında başlanan savaşdan qabaq Tehran rəsmiləri bəyan edirdilər ki, hücum olsa, məsələ İran sərhədlərini aşacaq: “Lakin o zaman belə düşünülürdü ki, söhbət ərazisində ABŞ hərbi bazaları olan, yaxud ərazisindən, hava məkanından İrana hücumlarda istifadə edilən ölkələrdən gedir. Azərbaycan heç bir halda bu kateqoriyalara aid olmadığından ölkəmizin hədəf alınacağı ehtimalı çox zəif idi.
Azərbaycan ərazisində başqa bir ölkənin, o cümlədən ABŞ və İsrailin hərbi bazaları yoxdur. Azərbaycan öz ərazisindən və hava məkanından İrana qarşı hücumlarda istifadə edilməsinə heç bir zaman icazə verməyib. Bu baxımdan İranın Naxçıvana dronlar atması təxribatçı bir addımdır. İranda müəyyən dairələr əslində ötən ilin yayında – İsraillə 12 günlük savaş zamanı da Azərbaycanı ittiham etməyə çalışmışdı. Doğrudur, İran prezidenti və digər rəsmilər tərəfindən iddialar təkzib olunmuşdu. Amma bugünkü hadisə göstərir ki, İranda müəyyən dairələr Azərbaycanla münasibəti korlamaq, ölkəmizə zərbə endirmək fikrinə düşüb. Hazırda İran ordusunda vahid koordinasiya yoxdur, orada təxminən müstəqil qərar verən birliklər var. Amma istənilən halda ölkəmizə belə bir münasibət qəti şəkildə qəbuledilməzdir.
Azərbaycan tərəfi ciddi tədbirlər görməlidir və görəcək də. İranın təxribatçı hərəkətləri cavabsız qalmamalıdır və qalmayacaq da. Ölkəmizə yönəlmiş hər hansı təcavüzün qarşısı qətiyyətlə alınacaq. İran tərəfi bu hadisələrdən nəticə çıxarmalıdır. Azərbaycanla düşmənçiliyi davam etdirmələri onların öz vəziyyətini mürəkkəbləşdirir. Onsuz da İrana etimad hədsiz dərəcədə zəifdir. Təxribatlar isə bu etimadı daha da aşağı salır.
Naxçıvanda bu gün baş verən hadisə, iki ölkə arasında münasibətlərin korlanması heç bir tərəfin, ümumilikdə bölgənin maraqlarına uyğun deyil. Amma görünən odur ki, bu rejim və onun siyasətini müəyyən edən bəzi çevrələr münasibətləri tamam korlamaq niyyətindədir”.
Nailə Qasımova,
Medianews.az