İranın İsrail ərazisinə endirdiyi ballistik raket zərbələrindən biri Peta-Tikva şəhərində yerləşən və ölkənin müdafiə sənayesi üçün həyati əhəmiyyət kəsb edən "AeroSol" PUA zavodunu dəqiq hədəf alıb.
Medianews.az xəbər verir ki, "Clash Report"un yaydığı məlumata görə, hücum nəticəsində pilotsuz uçuş aparatları, onların komponentləri və platformalarını istehsal edən müəssisəyə ciddi ziyan dəyib. "AeroSol" firması İsrailin hərbi və hökumət sifarişlərini yerinə yetirən aparıcı aerokosmik şirkətlərdən biri kimi tanınır. Raketin zavodun tam mərkəzinə düşməsi istehsal xətlərinin sıradan çıxmasına və böyük yanğına səbəb olub.
Qeyd olunur ki, bu zərbə İsrailin son həftələrdə İrana qarşı istifadə etdiyi PUA arsenalının bərpası prosesinə ağır zərbə vura bilər. Hazırda hadisə yerində xilasetmə işlərinin davam etdiyi və zavodun fəaliyyətinin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilir.
İsrail tərəfi hələlik itkilər barədə rəsmi açıqlama verməsə də, bu insident İranın ballistik raketlərinin İsrailin hava hücumundan müdafiə sistemlərini (HHM) dəf edərək strateji hədəfləri vurmaq qabiliyyətini bir daha nümayiş etdirib.//Musavat.com