İndoneziyanın Flores adasında (Şərqi Nusa-Tenqara əyaləti) yerləşən Levotobi vulkanında ən azı 9 püskürmə qeydə alınıb.
Medianews.az xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.
Məlumata görə, kül Levotobi Laki-laki kraterindən 2,2 min metr yüksəkliyə, yəni dəniz səviyyəsindən 3 784 metrədək qalxıb. Boz rəngli vulkan külü qərb və şimal-qərb istiqamətlərində yayılır.
Səlahiyyətlilər yerli sakinlərə və turistlərə kraterə 5 km radiusda yaxınlaşmamağı, həmçinin külə qarşı maska istifadə etməyi tövsiyə edib.
Levotobi Flores adasının cənub-şərqində yerləşən ikili zirvəli vulkandır. Daha aktiv Levotobi Laki-laki zirvəsi (1 584 m) daha yüksək Perempuan zirvəsindən (1 703 m) 2,1 km şimal-qərbdə yerləşir.
Qeyd edək ki, İndoneziya 18 min adadan ibarət böyük arxipelaqdır və Sakit okeanın “Odlu halqa” zonasında yerləşdiyi üçün yüksək seysmik aktivliyə malikdir. Ölkədə 500-dən çox vulkan var, onlardan təxminən 130-u aktivdir.//Bakues.az