Medianews.az
Hitin şiti -
62 baxış

Hitin şiti - “Əlin cibində olsun” deyir

Bəlkə də illərin mahnısıdır, bilmirəm, dünən sosial şəbəkələrin qısa videolar paylaşılan bölümündə qəfil qarşıma çıxdı və anidən eşitdiyim söz qulaqlarımı cırmaqladı: “Əlin cibində olsun, əlin cibində olsun”.

Sonra bir suyu Aygün Kazımovanın 20 il əvvəlki vaxtına oxşayan bir qadının oxuduğu bu “şedevr”in digər sözlərinə də diqqət edəsi oldum. Oxuyan qadının tələffüzündən tutduğum misralar bu cür idi:

Deyirəm indidən sənə,
Yaxın olmaqçün mənə,
...............................
Əlin cibində olsun.

Nəyimə gərəkdir ürək,
Hansısa arzu-dilək.
Məni sevməkçün gərək,
Əlin cibində olsun.

İndi mən deyiləm, sizsiniz, bu, nə deməkdir? Bunu oxuyaraq qohum-əqrəbanın, uşaq-böyüyün, 50 milyonluq xalqın qarşısına necə çıxmaq olar?

Bir baxaq, görək, “məni sevmək üçün əlin cibində olsun” ifadəsini kimlər işlədir? Bir az dərinə gedərək yazımmı? Eldən ayıb olacaq, amma bu, KamAZ”-a minməyən, bahalı maşın gözləyən və qiymət danışam “peşəkarlar”ın ritorikasıdır. Qadın müğənni isə çıxıb bu sözləri millət eşidə-eşidə deyir.

Bayağılığın, vulqarlığın, ədəbsizliyin, şitliyin bir aşağı yeri olmazmı? Bizim manıslar bu sürətlə Mariana çökəkliyinə ensəydilər, dibinə çatmış olardılar, amma “sənətim var” deyə-deyə öz “sənət”lərinin dibinə doğru hələ də enirlər. Vallahi, o vaxt Vəzirovun Pakistanda məşhur kamança ustasına melodiyalar ifa etdirdiyindən bəri hey dibə gedirik.

Sonra da deyirlər ki, köhnə nəsil yeni nəsillərin ifasını, yaradıcılığını bəyənmir. Bunu necə bəyənmək olar, siz canınız?

“Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəbb, bu nə rəftardır ol sərvi-xuramanımda” kimi misralar dinləmiş adamlar “məni sevməkçün gərək əlin cibində olsun” kimi ət və ət məhsullarının marketinqi demək olan reklam mətnini necə sevsinlər? Hələ onu demirəm ki, onu sevmək üçün əlləri ciblərində olmalıdır.

Müstəqilliyimizin ilk illərində xanəndə Baba Mahmudoğlu sovet dövründəki bədii şuraların senzurasından danışırdı, deyirdi, “Yaralı durna” mahnısını yazdıranda əlaqədar yoldaşlar “Evlərinin dalı təpə, yağış gəlir səpə-səpə, oyadıram öpə-öpə” bəndinə ilişiblər ki, “öpə-öpə” olmaz, erotik söhbətdir. Ona görə də xanəndə həmin ifadəni “oyadıram sevə-sevə” oxuyub, mahnını yazdırıb. Düzdür, “sevə-sevə” “təpə” və “səpə”yə qafiyə olmayıb, amma o qədər fərqi yoxdur. Yaxşı ki, senzorlar diqqət etməyib, belə baxanda elə “sevə-sevə oyatmağı” da erotika qrafasına sala bilərdilər.

Yəni o vaxtlar belə olub, hər sözə, ifadəyə, səs tonuna, tələffüzə fikir veriblər, mahnıların mətnlərini bayağı sözlərdən artlayıblar.

İmkanınız varsa, o köhnə mahnıların sözlərinə fikir verin:

“Yazın, baharın nəfəsi var gülüşündə,
Sevib-sevilmək həvəsi var gülüşündə”;

**

“Bilirsənmi, səndən niyə küsmüşəm?
Yan baxırsan üzbəüzə gələndə”;

**

“Ötən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim”;

**

“Ötən günləri qoru, yaxşı bax, vermə bada..
Ayrılıq bir dənizmiş, sən uzaq, yaşıl ada”;

**

“Sən mənim ulduzlu dünyam olmalıydın, olmadın!…
Sən mənim bir dünya sevdam, olmalıydın, olmadın!”

**
Aylar keçir, illər keçir, axın olur,
Yadlar gəlir, doğma olur, yaxın olur.
Məhəbbətlə ötən ömür nağıl olur.
Ey həyat, nə qəribəsən...

Bu misalları çox uzatmaq olar, amma milli radionun “qızıl fondu”nun arxivini bura tökməyin yeri yoxdur.

Onlarla müqayisədə indiki mahnıların sözlərini – “əlin cibində olsun”u eşidəndə adamın əli üzündə qalır.

İndi kimsə deyəcək ki, o gün “Avroviziya”nın qalibi olan bolqar qızın oxuduğu “Banqaranqa” nəydi. Heç nə. O da mənası olmayan bir ifadə idi. “Qafqaz əsiri” filmində aktyor Yuri Nikulin “bombarbio... kerqudu” deyir ha, bax, “banqaranqa” da onun kimi, əldəqayırma və mənasız bir sözdür. Ancaq pis mənaları olan, özünə qoyduğu bazar qiymətini ifadə edən sözlər oxumaqdansa, “banqaranqa” kimi heç kəsin başa düşmədiyi şeylər oxumaq yaxşıdır.

Yazını bitirhabitirdə maraq üçün Youtibe saytına da, türkün sözü, göz atdım. Gördüm ki, “Əlin cibində olsun” hitini oxuyan qadının başqa bir “şit”i də var:

“Qoy, qoy, qoy dəmə, get çayniki qoy dəmə,
Sən canı, hessat demə, get çayniki qoy dəmə”.

Ta heç nə. Şair də deyir ki, “can yandı şəm tək bu gecə intizar ilə”... Keçdi o dövran, şair, indi intizara ehtiyac yoxdur, əlin cibində olsun, aşağı yeri ola bilər.

Samir SARI

Bizə qoşulun