Bu gün Əməkdar artist Yadigar Muradovun üç mərasimidir. Noyabrın 18-i 66 yaşında dünyasını dəyişən Yadigar Muradov 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru idi. Sənətçi obrazları təkcə teatr səhnəsində yox, televiziya efirində də yaradırdı. 1990-cı illərdən efirə çıxaraq 20 ildən artıq yayımlanmış “Qulp” satirik proqramının məşhur Aşıq Yediyarını telejurnalist Mübariz Əsgərovla birgə anırıq.
Medianews.az saytının suallarını cavablandıran Mübariz Əsgərov Əməkdar jurnalistdir. “Qulp”un həm müəllifi, həm də aparıcısı olub.

- Bir çoxları Yadigar Muradovu “Qulp” televiziya proqramında yaratdığı Aşıq Yediyar obrazı ilə tanıyır. Siz Yadigar Muradovu necə tanımısınız?
- “Qulp”a xalqın qəlbində yer tutmuş obrazları cəlb etməyə çalışırdım. Çoxdan fikrim vardı proqrama bir aşıq obrazı da əlavə edim. Həmin obraz üçün müsabiqə elan etmişdim. Məni qane edən yaradıcı insan axtarırdım. Axtarışlar uzun çəkdi. Çünki çoxları haqq aşığı obrazına girməyə qorxurdu. Nəhayət, yolum Yadigar Muradovla kəsişdi. O, bütün meyarlara cavab verirdi. Həm efirə uyğun səsi, həm aktyorluğu, həm də hazırcavablığı vardı. Cəsarətli insan idi. Hər adam, yaradıcı qabiliyyəti lazımi səviyyədə olsa da, Aşıq Yediyar kimi oxumağa cəsarət etmirdi. Deyirdi bu mahnıları oxusam, təqiblərlə üzləşə bilərəm. Amma Yadigar dövlət teatrının direktoru ola-ola bundan çəkinmədi. Cəsarətli bir addım atdı. Mənim düşündüyüm obrazı çox dolğun şəkildə yaratdı.
Aşıq Yediyar obrazı “Qulp”un ən parlaq obrazlarından biri oldu. Yadigar Muradov mənim də yazdığım sözlərə mahnılar oxuyurdu. Daha çox rəhmətlik Baba Pünhanın şeirlərini oxuyurdu. Hamısının da içindən qırmızı xətt kimi Qarabağ və vətənpərvərlik mövzusu keçirdi.
Yadigar Muradovun vəfatına çox üzüldüm. Onunla tez-tez görüşüb danışırdıq. 3-4 ay öncə dedim yeni bir ideya, layihə var. Bir az müzakirə etdik. Çox xoşuna gəldi. Cərrahiyə əməliyyatından sonra səs telləri zədələnmişdi. Dedi səsim düzəlsin, başlayarıq. Amma sonra komaya düşdü və çox təəssüf, bu vəziyyətdən çıxa bilmədi, dünyasını dəyişdi.

- Yadigar Muradov 2022-ci ildə Medianews.az-a müsahibəsində bildirmişdi ki, onun “Qulp”da yaratdığı obraz aşıqların çoxunun acığına gəlirmiş, deyirmişlər ki, nə ixtiyarın var satirik mahnıları sazla oxuyursan?! Aşıq Yediyara görə sizə, “Qulp”a irad tutanlar, bu obrazın proqramdan çıxarılmasını xahiş və ya tələb edənlər olurdumu?
- Obrazın yarandığı ilk dövrlərdə söz-söhbətlər olurdu. Bəziləri ağız büzürdülər ki, aşıq belə mahnılar oxumaz. Bildiyiniz kimi, Aşıq Yediyar hətta rus dilində də mahnılar oxuyurdu. Mən narazılıq edənlərə deyirdim ki, aşığın vəsf eləmək missiyasından başqa haqq aşığı olmaq missiyası da var. Yəni nöqsanları, çatışmazlıqları görüb saz havasında ifadə etmək. Çoxları bunu başa düşdü. Amma “yuxarı”dan, “aşağı”dan, “yan”dan kimsə Aşıq Yediyarın proqramdan çıxarılmasını tələb eləsin – bu, olmayıb. Belə də baxanda nəyi tələb edəcəklər ki... Söhbət olaylara haqq aşığının özəl bir münasibət göstərməsindən gedir. Ona görə kimsə bizimlə haqq-hesab çəkmək fikrinə də düşmürdü, sadəcə söz-söhbət olurdu. Mən də tənqidlərə belə cavab verirdim ki, bu, haqq aşığı obrazıdır. Tənqidlər ilk dövrlərdə oldu. Sonralar Aşıq Yediyarın mahnıları dillər əzbəri oldu.
İndi jurnalistikada yanlış bir tendensiya yaranıb. Abırsızlıq cəsarət kimi qəbul olunur. Tənqid tamam başqa şeydir. Biz vətəndaş mövqeyindən çıxış edirdik. “Qulp” verilişi 20 ildən çox efirə getdi. Bir dəfə də bizi məhkəməyə verən olmadı. Çünki əsasları olmadı.

- Yadigar Muradov Medianews.az-a üç il əvvəlki müsahibəsində onu da vurğulamışdı ki, yazıçı Elçin Əfəndiyev “Qulp”dakı obrazla onun yeni satirik publisistik janr yaratdığını düşünürmüş. Sizcə, bu janrı davam etdirən varmı?
- Xeyr, yoxdur. Yüksək səviyyəli satirik proqram da yoxdur. Mən çox təəssüf edirəm. “Qulp” bağlanandan sonra ona yaxın bir proqram da olmadı. Yazıçı Elçinin həmin fikrini Yadigar Muradov mənə də söyləmişdi. İndi bilmirəm bu tip satirik janrda yeni obrazlar, proqramlar niyə yaranmır. Hazırlayan yoxdur, ya potensial yoxdur?
Nailə Qasımova,
Medianews.az