Medianews.az
Gündəlik qidada gizli güc:
113 baxış

Gündəlik qidada gizli güc: Göbələyin bilinməyən faydaları

Aşağı kalorili olmasına baxmayaraq vitamin, mineral, lif və antioksidantlarla zəngin olan göbələk gündəlik qidalanmada mühüm yer tutur.

Medianews.az xəbər verir ki, mütəxəssislərin fikrincə, göbələk təkbaşına möcüzəvi qida olmasa da, balanslı rasionun bir hissəsi kimi sağlamlığa ciddi töhfə verir.

Göbələk immunitet sistemini gücləndirməyə, bağırsaq sağlamlığını dəstəkləməyə və beyin funksiyalarını qorumağa kömək edə bilər. Müntəzəm istifadə zamanı orqanizmə həm dad, həm də yüksək qida dəyəri qazandırır.

Mütəxəssislər bildirilər ki, az yağlı və liflə zəngin olan göbələk doyurucu qida sayılır. Müxtəlif yeməklərə əlavə edildikdə onların həm dadını, həm də qidalandırıcılığını artırır.

Klinik qidalanma üzrə mütəxəssis Eva Humphries qeyd edir ki, adi market göbələkləri belə antioksidant xüsusiyyətləri ilə qaraciyəri toksinlərdən, beyni isə stressdən qoruma potensialına malikdir və immuniteti dəstəkləyir.

Araşdırmalara görə, göbələk B vitaminləri, kalium, selen, mis və sink kimi vacib minerallarla zəngindir. Xüsusilə selen tərkibi ilə seçilir. Bəzi qurudulmuş və yabanı növlər bu mineralın mühüm mənbəyi hesab olunur.

Göbələklərin diqqətçəkən xüsusiyyətlərindən biri də günəş və ya UV şüasına məruz qaldıqda D vitamini sintez edə bilməsidir. Lakin bu vitaminin miqdarı istehsal şəraitindən asılı olaraq dəyişir.

Tərkibindəki beta-qlukan adlı lif bağırsaq mikroflorasını dəstəkləyir, faydalı bakteriyaların inkişafına kömək edir və immun sisteminin daha balanslı işləməsinə şərait yaradır.

Son tədqiqatlar göbələyin soyuqdəymə və qrip kimi infeksiyalara qarşı bədəni dəstəkləyə biləcəyini göstərir. Bəzi növlərin beyin sağlamlığına təsiri də araşdırılır və ilkin nəticələr ümidverici sayılır.

Bununla yanaşı, mütəxəssislər göbələk əsaslı qida əlavələri ilə bağlı ehtiyatlı olmağı tövsiyə edir. Bu məhsulların xəstəlikləri müalicə etdiyini demək üçün kifayət qədər elmi sübut yoxdur.

Qeyd olunur ki, göbələklər ağır metalları toplaya bilər. Buna görə əlavələr yalnız etibarlı istehsalçılardan seçilməlidir. Xüsusilə xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar həkimlə məsləhətləşmədən bu məhsullardan istifadə etməməlidir.

Mütəxəssislər ən təhlükəsiz yolun gündəlik qidalanmada təbii göbələklərdən istifadə olduğunu bildirir. Şampinyon, portobello, şiitake, istiridyə və porçini kimi növlər həm dad, həm də qida dəyəri baxımından zəngin seçimlər təqdim edir.

Medianews.az

Bizə qoşulun