Medianews.az
Gediş haqqının 30 qəpik olması məsələsi -
263 baxış

Gediş haqqının 30 qəpik olması məsələsi - “Bakı Metropoliteni” cavab verir

Dekabrın 16-dan “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank” paytaxt metrosunda kampaniyaya start verib. Yanvarın 4-dək davam edəcək kampaniya çərçivəsində “Birbank Visa” kartı olan şəxslər Bakı metrosunda “Apple Pay” və ya “Google Pay” vasitəsilə ödəniş etdikdə gediş haqqı 60 qəpik deyil, 30 qəpik hesablanır. Bir müştəri kampaniya müddətində bütün kartları üzrə ümumilikdə maksimum 10 dəfə bu endirimdən yararlana biləcək.

Məlum olduğu kimi, oktyabrın 1-dən Bakı metrosunda gediş haqqı 60 qəpikdir. Qiyməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası müəyyənləşdirib. İndi bir özəl qurumun, yəni “Birbank”ın müştərisi olanlar üçün, hətta məhdud müddəti əhatə etsə də, gediş haqqının aşağı endirilməsi nə dərəcədə qanunidir?

Medianews.az-ın bu sualla “Bakı Metropoliteni” QSC-yə göndərdiyi sorğuya cavab verilib.

Cavabda bildirilir: “Bankın həyata keçirdiyi kampaniya çərçivəsində tətbiq olunan güzəşt dövlətin müəyyən etdiyi gediş haqqının dəyişdirilməsi kimi qiymətləndirilmir, rəsmi tarif tənzimlənməsi mexanizminə müdaxilə etmir və bankın öz vəsaiti hesabına müştərinin çəkdiyi xərclərin qismən kompensasiya edilməsi formasında həyata keçirilir.

Qeyd olunan səbəblərdən müvafiq kampaniya qüvvədə olan normativ hüquqi aktlara uyğun hesab olunur”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun