Medianews.az
Ermənistanda yenidən hakimiyyət-kilsə qarşıdurması başlanır
421 baxış

Ermənistanda yenidən hakimiyyət-kilsə qarşıdurması başlanır

Ermənistanın Baş naziri Nikol Paşinyan sonuncu mətbuat konfransında bir neçə vacib məsələyə toxunub. O, Erməni Apostol Kilsəsinin başçısı II Qareginlə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb. Qareginin vəzifədən getməsi üçün əlindən gələni edəcəyini, yaxın zamanda bunun nəticəsinin olacağını qeyd edib.

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi ekspert Məhəmməd Əsədullazadə vurğulayıb: “Görünən odur ki, sentyabr ayından başlayaraq Paşinyan yenidən kilsənin üzərinə gedəcək. Gələn il Ermənistanda keçiriləcək parlament seçkilərinə kimi II Qareginin istefaya göndərilməsi mümkün ola bilər. Həmçinin Paşinyan Qareginin üzərinə getməklə kilsənin müxalifətə dəstəyini də neytrallaşdıra bilər. Əslində Paşinyanın əsl məqsədi də budur”.

Ekspertin sözlərinə görə, kilsədə islahatlar Paşinyan üçün xüsusi siyasi əhəmiyyət kəsb edir: “O, kilsəni Rusiyanın agenturasından təmizləməyi hədəfləyir. Paşinyan kilsəni Rusiyanın siyasi qalası hesab edir və kilsəni milliləşdirməyin vacibliyini önə çəkir”.

Mətbuat konfransında Baş nazir Ermənistanın Avrasiya İttifaqından çıxacağı anonsunu da verib.

M.Əsədullazadənin fikrincə, bu, Rusiya-Ermənistan əlaqələri kontekstində önəmli bir açıqlamadır: “Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlükdə maraqlı olduğunu, ona görə Avrasiya İttifaqında çox qala bilməyəcəyini bəyan edib. Göründüyü kimi, Paşinyan Avrasiya İttifaqını deyil, Avropa İttifaqını seçdiyi barədə açıq mesaj verir”.

Azərbaycanla bağlı məsələlərə gəlincə, Paşinyan paraflanmış sülh sazişinin mətnindən irəli gələn tələblər üzrə Bakı ilə birgə işləyəcəklərini qeyd edib. O, Azərbaycanın anklav kəndlərinin qaytarılmasının vacibliyini önə çəkib.

M.Əsədullazadə xatırladır ki, hazırda Ermənistan Azərbaycan qarşısında iki məsələni həll etməlidir: “Birincisi, konstitusiya referendumuna gedib, bu sənəddən Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən istinadı çıxarmalıdır. İkincisi, anklav və eksklav əraziləri qaytarmalıdır. Paşinyan iki ölkə arasında sülh olduğunu, amma fikir ayrılıqlarının qaldığını da bildirir. Görünür, fikir ayrılıqları delimitasiya-demarkasiya məsələləri ilə bağlıdır.

Demək olar ki, sentyabr ayından Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar başlanır. Bundan əlavə, payızda Türkiyə-Ermənistan sərhədlərinin açılması da istisna deyil”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun