Medianews.az
Ermənistanda bu TARİXDƏ referendum olacaq – Xeyirlə Şərin “rəqsi” bitir?
70 baxış

Ermənistanda bu TARİXDƏ referendum olacaq – Xeyirlə Şərin “rəqsi” bitir?

Mübaliğəsiz-filansız, Ermənistanın taleyini dəyişəcək parlament seçkilərinə bir şey qalmadı. Bəs görəsən niyə 7 iyuna Azərbaycanda, Türkiyədə, Rusiyada, Qərbdə bunca maraq var? Yəqin o səbəbə ki, bu cırtdan ölkə hələ də bölgədə əsas fitnə-fəsad yuvası olaraq qalır, özünü xarici güclər üçün bazarlığa çıxarmaq vərdişindən tam əl çəkməyib.

Sadəcə, ümid yaranıb ki, nanəcib toplum, nəhayət, daşı ətəyindən töküb düz yola çıxacaq, bölgə də rahat nəfəs alacaq. Ona görə diqqət yetərincə böyükdür, illah da indiyədək ermənilərdən pis məqsədlər naminə “maşa” kimi ən çox faydalanmış Rusiya narahatlıq içindədir.

Sözü ona gətiririk ki, gələn ay erməni xalqı təkcə növbəti baş nazirini yox, həm də öz gələcəyini müəyyən edəcək. Bu mənada qarşıdakı səsvermə seçkilərdən çox, əslində bir referendum aktıdır...

Bədnam qonşular hansı yolu tərcih edəcəklər – indiki “müharibə konstitusiyasını” saxlamaq istəyən “radikal-revanşistlərin “artsax” nağıllarına uyub arxasınca gedəcək və yeni müharibəyə tuş gələcəklər, yoxsa iki vazkeçilməz qonşu – Azərbaycan və Türkiyə ilə düşmənçilik səhifəsini həmişəlik bağlayıb normal, mədəni millətlər cərgəsinə qatılacaqlar?

Artıq apaydındır ki, Rusiyaya bağlı qüvvələr ikinci yolu rədd edir. Ancaq təkcə onlar deyil. Guya bəzi Qərbçi müxalifət namizədləri, məsələn, “İşıqlı Ermənistan” partiyasının sədri, baş nazirliyə namizəd Edmon Marukyan da Bakı və Ankara ilə barışığa ən azından şübhəli yanaşır, paraflanmış sülh sənədini ədalətli saymırlar. Ona “düzəliş” vəd edirlər. Hərçənd, paraflanmış sənədin mətninə düzəliş etmək artıq mümkünsüz. Ondan yalnız imtina eləmək olar...

Paradoks həmçinin, ondadır ki, bəzi qərbpərəstlərlə Rusiyaya bağlı proksi qüvvələrin mövqeyi üst üstə düşür. Misal üçün, ilk baxışda nonsens kimi görünə bilər, amma diqqət edin: Avropa Birliyinin sərhədimizdəki casus missiyası neçə ildir ermənilər üçün Azərbaycandan “xoxan” düzəldir. Rusiyadakı radikal çevrələr (zatulinlər çaplı siyasi şarlatanlar və digərləri) də eyni işi görür: erməni əhalini Azərbaycan və Türkiyə ilə qorxudur, Türkə nifrətin zəifləməsinə imkan vermirlər.

Nədəni gizli deyil: hər iki güc mərkəzi – Brüssel də, Moskva da erməni xalqının yox, özünün maraqlarını güdür. Ermənilər bu hiyləni, nəhayət, anlayacaqlarmı? Bir şey qalmayıb, 7 iyunda biləcəyik...

Sonra. 22 gün sonrakı parlament seçkiləri cəmiyyətin yeni konstitusiya layihəsinə münasibətini də böyük ölçüdə ortaya qoyacaq. Hansı sənəddə ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları gözlənilmir. O səbəbə qarşıdakı səsvermə Paşinyan hakimiyyətinə etimad referendumu da adlandırıla bilər.

Beləcə, hazırda tətildə olan və təbliğat kampaniyası aparan Baş nazir Nikol Paşinyan önündə iki məchullu TƏNLİK dayanır. Seçkilərdə qələbə ona və komandasına referendum üçün “kart-blanş” verəcəksə, məğlubiyyət təkcə onun yox, bütövlükdə Ermənistanın və onun xalqının ayağına yazılacaq.

Söhbət həm də hərb meydanında gözlənilən məğlubiyyətdən gedir – növbəti və daha ağır məğlubiyyətdən. Odur ki, erməni seçici yüz ölçüb bir biçmək zorunda. Kobud səhv zamanı keçib. Tarix belə səhvləri bağışlamır. Xeyirlə Şərin təhlükəli “rəqsi” nə vaxtsa bitməlidir, ya yox...

Zahid SƏFƏROĞLU 

Bizə qoşulun