Medianews.az
Ermənistan zəhmət çəkib Hindistan-Azərbaycan münasibətləri üçün iş görməlidir
386 baxış

Ermənistan zəhmət çəkib Hindistan-Azərbaycan münasibətləri üçün iş görməlidir

Bu gün Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşü olub. Məhəmməd Şahbaz Şərif aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlət başçısına bir daha təşəkkürünü bildirib.

Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən Prezident İlham Əliyev Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Elə həmin gün Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü yenidən blokladığı haqda diplomatik mənbələrə istinadla məlumat yayılıb. AnewZ xəbər verir ki, Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Mənbələrin fikrincə, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay ruhu" na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli deyib ki, bütün bunlar əslində gözlənilən idi: “Azərbaycan Prezidenti Pakistanı Hindistan üzərində qələbəsi münasibətilə təsadüfən təbrik etməyib. Hindistanın Azərbaycana qarşı fəaliyyətini ŞƏT-də yenə davam etdirəcəyi barədə də fikirlər tirajlanmışdı.

Hindistan Mərkəzi Asiyada, Qafqazda, Şanxay Əməkdaşlıq Təşkilatı zonasında Çini  və Pakistanı məhdudlaşdırmağa çalışır. Siyasi qısqanclıqdan doğan bu addımlar, söz yox ki, ŞƏT-in hədəflərinə, onun çoxtərəfli əməkdaşlıq fəlsəfəsinə ziddir”.

“Bu vəziyətdə Azərbaycan nə addım atmalıdır” sualına Ə.Əlibəyli belə cavab verib ki, Azərbaycan ilk növbədə Ermənistanı prosesdə həlledici nöqtəyə gətirməlidir: “Necə ki, Azəbaycanın xeyir-duası ilə Pakistan-Ermənistan münasibətlərinin qurulmasına start verildi, indi Ermənistan zəhmət çəkib Hindistan-Azərbaycan münasibətlərinin normallaşması üçün iş görməlidir.

İkincisi, indiki vəziyyətdə Hindistanla birbaşa dialoq effekt vermirsə, onda ümumən Hindistanın neft və qaz idxalı bazarında hansı formadasa Azərbaycanın çəkisini artırmaq lazımdır. ABŞ-nin təzyiqi nəticəsində Rusiya nefti Hindistan bazarından çıxarılır. Bu fonda Azərbaycan üçün təbii bir əməkdaşlıq pəncərəsi yaranır. Məncə, qeyd etdiyim bu iki xətt üzrə Azərbaycan alternativ proses həyata keçirməlidir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun