Medianews.az
Ermənistan nüvə enerjisi əsasında süni intellekt bazası qurur -
88 baxış

Ermənistan nüvə enerjisi əsasında süni intellekt bazası qurur - Regionda texnoloji balans dəyişəcəkmi?

ABŞ-nin vitse-prezidenti Ceysm Di Vensin Ermənistana səfərindən sonra aydın görünür ki, məsələ təkcə diplomatiya və TRİPP layihəsi deyil.

Səfərin əsas ağırlıq mərkəzi nüvə enerjisidir. Bunun səbəbi sadədir: Ermənistanın daha əvvəl NVIDIA ilə təxminən 500 milyon dollarlıq razılaşması vardı, lakin süni intellekt (AI) və data mərkəzi layihələrinin qarşısında dayanan əsas maneə enerji təminatı idi.

NVIDIA səviyyəli infrastruktur üçün zəruri olan stabil və yüksək güclü enerjini Ermənistanın mövcud enerji sistemi təmin edə bilməzdi.

Məhz Vensin səfəri çərçivəsində bu fundamental problem həll mərhələsinə keçdi. ABŞ ilə Ermənistan arasında nüvə əməkdaşlığı, modul tipli atom elektrik stansiyaları üzrə aparılan danışıqlar faktiki olaraq AI üçün enerji bazasının qurulması deməkdir.

Burada söhbət sadəcə Metsamor AES-in təmirindən getmir. Məsələ Metsamordan sonrakı mərhələyə keçid və təxminən 9 milyard dollarlıq investisiya ilə Ermənistanın enerji sisteminin ABŞ texnologiyası üzərindən yenidən dizayn olunmasıdır.

Başqa sözlə, Ermənistan ilk dəfə olaraq süni intellekt və yüksək hesablama üçün uzunmüddətli, stabil və yüksək güclü enerji mənbəyi əldə etməyə yaxınlaşır.

Bu addım Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqla yanaşı, onun regiondakı mövqeyini də ciddi şəkildə gücləndirir.

Ermənistan AI sahəsində texnoloji liderə çevrilməsə belə, hesablama və data infrastrukturu mərkəzi rolunu əldə edə bilər. Bu status isə startaplar, innovasiya ekosistemi, elmi-tədqiqat mərkəzləri və beynəlxalq layihələr üçün ölkəni daha cəlbedici edir.

Bəs bu proses Azərbaycan üçün təhdid yarada bilərmi?

Düşünürəm ki, müharibədən məğlub çıxmış Ermənistanın süni intellekt, nüvə enerjisi və pilotsuz sistemlər sahəsində milyardlarla dollarlıq investisiya cəlb etməsi ciddi siqnaldır. Birbaşa təhlükə olmasa da, burada Azərbaycan üçün strateji risklər mövcuddur.

Ermənistanın nüvə enerjisi üzərindən AI və yüksək hesablama infrastrukturunu sürətlə formalaşdırması fonunda regionda texnoloji gündəmin tədricən İrəvan üzərindən qurulması mümkündür.

Qısa müddətdə bu model Ermənistanın iqtisadi vəziyyətinə və büdcə imkanlarına da müsbət təsir göstərəcək. Belə olan halda Ermənistanda revanş istəkləri baş qaldıra bilərmi?

Formalaşan yeni mənzərə Azərbaycanın “rəqəmsal regional mərkəz” iddialarını zəiflədə bilər.

Hazırda Azərbaycanda qurulan iki superkompüter mərkəzi əsasən daxili tələbatın ödənilməsinə fokuslanır. Halbuki ötən ilin sonunda iqtisadiyyat naziri Mikayıl Cabbarovun Liber­man qardaşları ilə görüşündən də görünürdü ki, hökumət hətta yerli tələbatın kəskin artımını belə proqnozlaşdırmır və bu infrastrukturun qlobal inteqrasiyası üzərində düşünür.

Bu baxımdan hökumət regionda AI sahəsində formalaşan yeni vəziyyətin miqyasını düzgün dəyərləndirməlidir.

Fikrimcə, Azərbaycanın Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistanı birləşdirəcək fiber-optik magistralı və onun üzərində qurula biləcək regional data mərkəzi bu risklərə real cavablardan biridir. Bu infrastruktur düzgün dizayn olunarsa, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında rəqəmsal data və süni intellekt qovşağına çevrilə bilər.

Ən vacibi isə odur ki, Azərbaycanın bunun üçün real potensialı var: enerji resursları, tranzit mövqeyi, maliyyə imkanları və regional siyasi çəkisi Ermənistanla müqayisədə qat-qat üstündür.

Məsələ bu üstünlükləri vaxtında və vahid strategiya ilə AI, data mərkəzləri və yüksək hesablama xidmətlərinə çevirməkdir. Əgər bu xətt düzgün qurularsa, Azərbaycan daha da üstün mövqe əldə edər.

Osman Gündüz, 
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru 

Bizə qoşulun