ABŞ-ın Arizona ştatında baş verən təqib qalmaqalı ölkə mediasında geniş rezonans doğurub.
Medianews.az xəbər verir ki, ştat sakini Jacqueline Claire Ades tanışlıq saytında ünsiyyət qurduğu bir kişiyə bir görüşdən sonra 159 mindən çox mesaj göndərməkdə və zorakı təhdidlər səsləndirməkdə ittiham olunur.
İstintaq materiallarına görə, Ades ötən ilin may ayında Paradise Valley Police Department tərəfindən kişinin evinə qanunsuz daxil olma və təcavüz ittihamı ilə həbs edilib. İlkin açıqlamalarda göndərilən mesajların sayının 65 min olduğu bildirilsə də, daha sonra açıqlanan polis sənədlərində bu rəqəmin 159 mindən çox olduğu ortaya çıxıb.
The Arizona Republic nəşrinin yaydığı məlumatda qeyd olunur ki, mesajların bir hissəsində son dərəcə zorakı və qorxuducu ifadələr yer alıb. İttihama görə, Ades qurbana “Böyrəklərindən suşi hazırlayardım” və “Qanınla çimmək istərdim” kimi təhdidlər göndərib.
Hadisələrin xronologiyasına əsasən, 2018-ci ilin aprelində polis Adesi kişinin evində vannada olarkən aşkarlayıb və həbs edib. Bir ay sonra azadlığa buraxılan qadının daha sonra kişinin iş yerinə gedərək özünü onun “həyat yoldaşı” kimi təqdim etdiyi və yenidən saxlanıldığı bildirilir.
Ades həbsxanada verdiyi açıqlamada qurbanla milyonçular üçün nəzərdə tutulan Luxy platformasında tanış olduğunu deyib. O, “Ruh yoldaşımı tapdığımı düşünürdüm” sözləri ilə özünü müdafiə edib.
Hazırda Maricopa County Jaildə girovsuz saxlanılan 31 yaşlı qadın təqib və qanunsuz əraziyə daxil olma ittihamlarını qəbul etmir. Məhkəmə prosesinin 5 fevral tarixində başlaması planlaşdırılır.
Hadisə ABŞ mediasında “müasir dövrün ən dəhşətli təqib hadisələrindən biri” kimi qiymətləndirilir.