Medianews.az
"Əjdaha istiləri" həyəcanı:
170 baxış

"Əjdaha istiləri" həyəcanı: 25 min ölüm riski

Avropada son illərin ən güclü isti hava dalğalarından birinin təsiri gözlənilir.

Medianews.az xəbər verir ki, xarici KİV-lər "əjdaha istiləri" adlandırılan hava şəraiti ilə bağlı ciddi xəbərdarlıqlar yayıb.

Meteoroloqların məlumatına görə, Şimali Afrikadan gələn isti hava kütləsi qitənin böyük hissəsində temperaturun 40 dərəcəni keçməsinə səbəb ola bilər. Xüsusilə Fransa, İspaniya, İtaliya, Portuqaliya və Yunanıstanda təhlükə səviyyəsi artırılıb.

Bəzi xarici media orqanlarında yayılan qiymətləndirmələrə əsasən, isti hava dalğası yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər üçün ciddi risk yaradır. Həmin məlumatlarda bir həftə ərzində istilərlə əlaqədar ölənlərin sayının 25 minə çata biləcəyi iddia olunur.

Mütəxəssislər bildirirlər ki, yüksək temperatur təkcə gündüz deyil, gecə saatlarında da davam edəcək. Böyük şəhərlərdə asfalt və beton örtüklərinin yaratdığı "istilik adası" effekti vəziyyəti daha da ağırlaşdıra bilər.

Səhiyyə mütəxəssisləri vətəndaşlara bol maye qəbul etməyi, birbaşa günəş şüalarından qorunmağı, zərurət olmadıqca açıq havaya çıxmamağı, xüsusilə yaşlı və xroniki xəstəlikləri olan şəxslərin vəziyyətini mütəmadi nəzarətdə saxlamağı tövsiyə edirlər.

Səlahiyyətli qurumlar Avropada yaşayan və ya orada yaxınları olan şəxsləri də ehtiyatlı olmağa çağırıblar. Burada qeyd olunan 25 min ölüm ehtimalı rəsmi proqnoz deyil, bəzi xarici media orqanlarında və ekspert qiymətləndirmələrində səsləndirilən iddiadır.

Medianews.az

Bizə qoşulun