Çiy ət və digər işlənməmiş məhsullarla bağlı gigiyena qaydalarına əməl olunmaması sağlamlıq üçün ciddi risk yarada bilər.
Medianews.az Foodinfo.az-a istinadən xəbər verir ki, biotəhlükəsizlik və qida mikrobiomu üzrə mütəxəssis Yuliya Markova çiy məhsullarla işləyərkən mütləq ayrıca bıçaq və doğrama taxtası ayrılmasının vacibliyini bildirib.
Onun sözlərinə görə, çiy toyuq, ət və ya balıq doğrandıqdan sonra eyni alətlərlə tərəvəz, göyərti və ya çörək kəsmək təhlükəli nəticələr doğura bilər. Mütəxəssis qeyd edir ki, belə halda çiy məhsuldakı canlı bakteriyalar termiki işlənməyən qidaya keçir və bu, zəhərlənmə riskini artırır.
Markova bildirir ki, bu riskin qarşısını almaq üçün çiy məhsullarla iş bitən kimi bıçaq və taxta isti su və yuyucu vasitə ilə yaxşıca təmizlənməlidir. Onun sözlərinə görə, qida təhlükəsizliyinin əsas şərtlərindən biri də məhz işləmə prosesində alətlərin ayrılığıdır.
Ekspert vurğulayıb ki, bişirmə, qızartma və ya sobada hazırlama kimi termiki emal növləri əksər mikroorqanizmləri məhv edir. Lakin çiy məhsullardan salata və ya hazır qidaya keçən bakteriyalar bu prosesdən yayınaraq sağlamlıq üçün real təhlükə yaradır.
Markova sonda istehlakçılara sadə, lakin təsirli bir qaydanı xatırladıb: çiy və hazır qidaların kəsişməsinə yol verməmək üçün mətbəxdə hər zaman ayrıca bıçaq və doğrama taxtası saxlanmalıdır.