Medianews.az
Cabir İmanovlu reklamlar
1,251 baxış

Cabir İmanovlu reklamlar

“Slavyanskoye” süd məhsullarının reklam olunduğu bu iri lövhəni görməmiş olmazsınız. Bakının mərkəzi küçələrində yol qırağına, metro stansiyalarında divarlara vurulub.

Yəni hər gün minlərlə, on minlərlə, mübaliğəsiz, yüz minlərlə adamın qarşısına çıxan, kifayət qədər uğurlu bir reklamdır.

Uğuru təkcə paytaxtın gur yerlərindən asılmasında deyil, həm də reklama populyar insanların çəkilməsindədir.

Medianews.az qeyd edir ki, bu reklam lövhəsində biz daha çox “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubundan tanıdığımız üç məşhur simanı görürük: ortada Yana Nikitina, onun bir tərəfində Cabir İmanov, o biri tərəfində Bəhram Bağırzadə dayanıb. Hər üçü gülümsəyir...

Yana Nikitina bir vaxtlar banına (kuzov) bu reklam yapışdırılmış yük avtomobilinin yanında dayanıb çəkdirdiyi şəkli “İnstaqram” səhifəsində də paylaşmışdı. Reklamı reklam etmək məqsədilə yox, bu bir yumor idi.

Bəhram Bağırzadə isə bir neçə ay qabaq Bakının Afiyəddin Cəlilov küçəsində 45 dəqiqə tıxacda qalmasını həmin vaxt onun avtomobilindən görünən reklam lövhəsinin fotosunu çəkib paylaşmaqla “qeyd etmişdi”.

Cabir İmanovun bu reklam lövhəsi ilə bağlı zarafatının olub-olmadığını bilmirik.

Amma hamının bildiyi bir məsələ var: Cabir İmanov vəfat edib. Qəfildən. Sentyabrın 29-da 49 yaşında...

O reklam lövhələrini götürmək lazımdır. Qanun - yazılmamış qanun belə deyir. Cabir İmanov bu reklama sağlığında çəkilib. Onun ölümündən sonra da reklamın davam etdirilməsi etik deyil. Belə yerdə heç belə xatırlatmaya da ehtiyac olmasın gərək.

Allah rəhmət eləsin Cabirə...

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun