Medianews.az
Bürclərə inanmaq cahillikdir? -
110 baxış

Bürclərə inanmaq cahillikdir? - Psixoloqdan sensasion açıqlama

Bəzi şərq ölkələrində, eyni zamanda Azərbaycanda da bürclərlə bağlı paylaşımlar, videolar və gündəlik proqnozlar sosial şəbəkələrdə, nediada geniş yayılıb. Xüsusilə gənclər arasında astrologiyaya marağın artdığı və bir çox insanın gündəlik qərarlarını bürclərə əsasən verdiyi müşahidə olunur. Mütəxəssislər bunu insanların gələcəyi öncədən bilmək istəyi və psixoloji təsəlli axtarması ilə əlaqələndirirlər. Sosial medianın təsiri isə bürclərlə bağlı məzmunların daha sürətlə yayılmasına səbəb olur. İnsanlar niyə həyatlarını bürclərə uyğun qurmağa çalışırlar? Bu savadsızlıqdan yoxsa qayğı, eqo istəyindən yaranır ? Ümumiyyətlə, bürclərlə həyatını nizamlayan insan cahil hesab edilə bilər?

Mövzu ilə bağlı Medianews-a açıqlama verən psixoloq Dilruba Həsənova  deyib ki, bürclərə və astrologiyaya maraq müasir dövrdə yaranmış bir inanc deyil. İnsanlıq tarixi boyunca insanlar göyə baxıb talelərin sirrini çözməyə çalışıblar. Ümumiyyətlə insan ağlı qeyri-müəyyənliyə dözə bilmədiyi üçün hər zaman görünməyən qüvvələrdə məna axtarıb. Astrologiyaya maraq da burdan başlayır.

 

Onun sözlərinə görə, indi isə bürclər mifologiyadan çıxıb sosial medianın ən populyar tələbatına çevrilib:

“İnsanlar səhərlər hava proqnozundan əvvəl bürc proqnozuna baxır, münasibətlərini, işlərini, hətta xarakterlərini doğulduqları tarixlə izah etməyə çalışırlar. Bunun səbəbi ulduzların insan həyatına təsiri deyil, insan psixikasının müəyyən mexanizmləridir. İnsan beyni təsadüfləri sevmir; o, hər hadisədə bir səbəb, hər nəticədə bir məna tapmağa çalışır. Bürclər isə bu ehtiyacı asan və rahat şəkildə təmin edir. Psixologiyada insanın qeyri-müəyyənlik qarşısında narahatlıq hiss etməsi normal hesab olunur. Gələcəyini bilməyən insan özünü daha təhlükəsiz hiss etmək üçün müxtəlif inanclara sığınır. Bürclər də bir çox hallarda elm deyil, psixoloji təsəlli rolunu oynayır. İnsanlar gələcəyi öyrəndiklərini deyil, əslində narahatlıqlarını sakitləşdirdiklərini hiss etmirlər”.

Psixoloq qeyd edib ki, uğursuzluğun səbəbini öz qərarlarında deyil, ulduzlarda  axtaran insan inkişaf imkanını da itirir. Lakin bürclərə inanan hər kəsi cahil adlandırmaq düzgün olmazdı:

“Cahillik məlumatın olmamasından çox, məlumatı sorğulamamaqdır. Savadlı insan da astrologiyaya inana bilər, amma elmi faktlarla şəxsi inanclar arasındakı fərqi dərk edər. Əsl problem tənqidi düşüncənin yerini kor-koranə qəbulun tutduğu andan başlayır.

İnsanın taleyini nə ulduzlar yazır, nə də bürclər müəyyən edir. İnsan həyatının əsası onun düşüncələri, seçimləri, davranışları və məsuliyyətidir. Ulduzlar göydə gözəl görünə bilər, amma insanın yolunu işıqlandıran əsas qüvvə yenə də onun şüuru və ağlıdır”.

Oğuz Ayvaz
Medianews.az

Bizə qoşulun