Yaxın Şərqdə davam edən münaqişələrin səbəb olduğu enerji böhranı fonunda Tailandın Baş naziri Anutin Çarnvirakul enerjiyə qənaət məqsədilə ciddi addımlar atıb. Bunların sırasına məmurlara lift qadağası da daxildir. Əvəzinə pilləkənlərdən istifadə olunması məsləhət görülüb.
Medianews.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
Rəsmi mənbələrdən verilən məlumata görə, baş nazir məmurlara bugünkü tarixdən etibarən məsafədən işləməklə bağlı göstəriş verib. O, həmçinin vurğulayıb ki, yalnız dövlət qurumlarının fəaliyyətini davam etdirməsi üçün zəruri olan şəxslərə bu qayda şamil edilməyəcək.
Eyni zamanda, idarələrdə kondisionerlərin hərarəti 26-27 dərəcə Selsidə nizamlanmalıdır. İşçilərə isə rəsmi geyim və qalstuk əvəzinə qısaqol geyimlərdən istifadə etmək tövsiyə edilir.
Energetika naziri Autapol Rerkpiboonun sözlərinə görə, ölkənin mövcud enerji ehtiyatı daha 95 gün üçün kifayət edəcək. Bu səbəbdən rəsmi dairələr Cənubi Afrika, Avstraliya və ABŞ-dən alternativ mayeləşdirilmiş təbii qaz idxalı yollarını araşdırırlar.
Tailandın Enerji Tənzimləmə Komissiyasından bildirilib ki, ölkənin enerji tələbatının təqribən 68 faizi təbii qazla ödənilir. Bu resursun yarısından çoxu daxili imkanlar hesabına Tailand körfəzindən çıxarılır. Ehtiyacın 35 faizi isə xaricdən, o cümlədən 13 faizi qonşu Myanmadan alınır.
Xatırladaq ki, Yaxın Şərq regionundakı toqquşmalar Hörmüz boğazı vasitəsilə mayeləşdirilmiş təbii qazın nəqlini dayandırıb və nəticədə həm Asiya, həm də Avropada enerji defisiti yaranıb. Asiya bazarlarında qazın qiymətinin sürətlə bahalaşması region dövlətlərini yeni təchizatçılar və alternativ yollar tapmağa sövq edib.