Medianews.az
Bu ölkədə baş nazir dəyişir
1,119 baxış

Bu ölkədə baş nazir dəyişir

Moldovada hakim Hərəkət və Həmrəylik Partiyası baş nazir postuna iş adamı Aleksandru Muntyanunu namizəd göstərmək fikrindədir.

Medianews.az bildirir ki, rəsmi məlumat oktyabrın 14-də yayılıb.

1964-cü il təvəllüdlü Aleksandru Muntyanu fizikdir, investisiya sahəsində biznes fəaliyyəti ilə tanınıb.

Sentyabrın 28-də keçirilmiş parlament seçkisinin nəticələrinə Konstitusiya Məhkəməsində baxılır. Seçkinin nəticələri təsdiqləndikdən sonra parlamentin ilk iclası keçirilməli, hökumət qurulmasına başlanmalıdır.

Mərkəzi Seçki Komissiyası prezident Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyasının 101 yerlik parlamentə 55, Vətənpərvər blokunun 26, Alternativ blokunun 8, Bizim Partiyanın 6, Evdə Demokratiya Partiyasının 6 mandatla düşdüyünü bəyan edib.

Ölkədə hökuməti qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan partiya formalaşdırır. 2023-cü il fevralın 16-dan Hərəkət və Həmrəylik Partiyasının dəstəklədiyi Dorin Reçan baş nazirdir. O, postunda qalmaq istəməyib.

Hərəkət və Həmrəylik Partiyası Moldovanın Qərbə sıx inteqrasiyasına tərəfdardır. Mayya Sandu 2020 və 2024-cü illərin ümumxalq seçkilərində prezident seçilib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun