ABŞ Senatı real insanların razılığı olmadan onların iştirakı ilə pornoqrafik dipfeyklərin hazırlanmasını qadağan edən qanun layihəsini təsdiqləyib.
Qanun layihəsinə əsasən, rəqəmsal platformalar müraciət edildikdən sonra 48 saat ərzində belə dipfeyk materialları silməyə borcludur. Tələblərə əməl edilmədiyi halda, zərərçəkən şəxslər təkcə dipfeykləri yaradanlara qarşı deyil, həm də onların yayılmasının dərhal dayandırılması üçün hüquqi iddialar qaldıra biləcəklər.
Qanunvericilik təşəbbüsünə səbəb İlon Maskın "Grok" adlı çat-botu ilə bağlı yaranan qalmaqal olub. Sözügedən süni intellekt aləti "X" sosial şəbəkəsi daxilində erotik dipfeyklər yaradırdı.
Nəticədə xidmət Malayziya və İndoneziyada bloklanıb, platforma isə görüntülərin yaradılması və redaktəsi funksiyalarını məhdudlaşdıraraq ödənişli edib.
Eyni zamanda, Böyük Britaniyanın media tənzimləyicisi "Ofcom" hökumətin sorğusu əsasında "X" platformasının istifadəçilərin qeyri-qanuni süni intellekt məzmunundan qorunması tələblərinə əməl edib-etmədiyini araşdırmağa başlayıb.