Medianews.az
Bu, milli İNTİHAR demək olacaq!..–
62 baxış

Bu, milli İNTİHAR demək olacaq!..– Qonşulara SON XƏBƏRDARLIQ

İran ətrafındakı böhranlı durumun Güney Qafqaza da sıçrama ehtimalı nəzəri olaraq qalır. Ümid edək ki, belə bir fəlakət baş verməyəcək və hərbi toqquşma tezliklə diplomatik masanın qurulması ilə bitəcək.

Hərgah, indinin özündə Azərbaycan və Ermənistan arasında daimi yox, kövrək sülhdən danışmaq lazım gəlir. Çünki iki ölkə arasında məlum səbəbdən sülh müqaviləsi imzalanmayıb.

Bu il, nəhayət, sənədə liderlər səviyyəsində imza atılması və ardınca ratifikasiya ounmasına ümid böyükdür. Təbii ki, Ermənistan və onun əhalisi tarixi fürsəti qaçırmasa. Belə bir təhlükə isə yox deyil. Söhbət referendumda yeni konstitusiyaya gərəkən dəstəyin verilib-verilməyəcəyindən gedir...

Dünən bu haqda danışan Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan konstitusiya layihəsinin mart ayında ictimai müzakirəyə çıxarılacağını deyib. “Yeni Konstitusiyanın layihəsi demək olar, hazırdır. Lakin onun preambula və birinci fəsli, eləcə də Nazirlər Kabinetinin rəhbəri ilə bağlı bir sıra məsələlər hələlik müzakirə olunmayıb”, – nazir vurğulayıb.

Layihənin preambulasından “Dağlıq Qarabağa” istinadın çıxarılmasını zəruri hesab edib-etmədiyi ilə bağlı suala isə nazir belə cavab verib: “Hökumət hesab edir ki, Ermənistanın ərazi bütövlüyü və sülh təhdid edilməməlidir”.

Kifayət qədər diplomatik bir cavab. Ancaq bu da yetərlidir ki, qənaət hasil olsun: yeni konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı iddia, istinad yer almayacaq...

Image

Buradaca yada salaq ki, təxminən bir il qabaq – 2025-ci ilin martında Baş naziri Nikol Paşinyan 2027-ci ildə yeni konstitusiya ilə bağlı referendum planlaşdırdığını açıqlamışdı. Ancaq onu da demişdi ki, komandası referendumu 2026-cı il parlament seçkiləri ilə paralel təşkil eləməyi nəzərdən keçirir. Baş nazir "Qarabağ mövzusu bağlanmadan sülhün mümkünsüzlüyünü" də dilə gətirmişdi.  

Belə çıxır, siyasi qərar artıq qətiləşib: referendumla 7 iyun parlament seçkiləri arasında zaman fərqi çox olmayacaq. Bu da məqbuldur, çünki vaxt gedir. Bölgədəki qəliz və təlatümlü proseslər fonunda kapitulyant Ermənistanın dövlət kimi əsas varlıq zəmanəti isə ən əvvəl onun Azərbaycan və Türkiyə ilə siyasi-diplomatik əlaqələri maksimum qısa zamanda qaydaya salmasına, sərhədlərin açılması və Zəngəzur dəhlizinin işə düşməsinə bağlıdır.

Yalnız o zaman Rusiyanın bitməyən təhdidləri kəsərsiz hala gələ bilər. O Rusiya ki, Ermənistanda və bölgədə öz ənənəvi imperialist maraqlarını bərqərar eləmək üçün şəkk-şübhəsiz, bu il əlindən gələni edəcək. Şimaldan vaxtaşırı səslənən şantaj-hədələr bunu bir daha sübut edir. Moskva hətta özünün proksi-qüvvələri vasitəsilə zorakı üsullara da əl ata bilər. Bu da böyük ehtimalla, seçkilərdə ona bağlı qüvvələrin məğlub olacağı halda.

Məğlubiyyət isə gözləniləndir. Ona görə ki, Rusiyaya sadiq qüvvələr müharibə tərəfdarlarıdır. Bakı və Ankara ilə sülhün əldə olunmasının, Türk xofunun aradan qalxmasının əleyhdarlarıdır. Düşünmürük ki, ermənilərin əksəriyyəti onları təzədən hakimiyyətə gətirməklə ilgəyi öz əli ilə öz boynuna salmaq istəsin...

Rusiyanın qarşıdakı seçkilərə və referenduma kiber-müdaxilə imkanları da diqqətdən qaçırılmamalıdır. Təsadüfi deyil ki, İrəvanın bu qəbil riskləri önləmək üçün Avropa İttifaqından rəsmən xüsusi qrup dəvət edib. Eyni qrup ötən il Moldovadakı seçkilər zamanı da fəaliyyət göstərib və özünü doğruldub.

Müxtəsəri, bu, Rusiyanın Güney Qafqaz uğrunda son və həlledici döyüşü olacaq. Regionun ən zəif “həlqəsi” isə məlum – Ermənistan. O səbəbə axırıncı savaşa Paşinyan hakimiyyəti hamıdan yaxşı hazırlaşmalıdır...

Zahid SƏFƏROĞLU 

Bizə qoşulun