“Film həyatımda bəxtim gətirmədi. Bu əlbəttə ki, məndən asılı deyildi. Məşhur filmlərin baş rollarının sınaq çəkilişlərinə dəvət aldım, hətta fotosınaqlarda da oldum amma təsdiqlənmədim. Peşman deyiləm. Peşman olub nə edəcəkdim ki? Gedib camaatı döyüb, zorla yerinə çəkilməyəcəkdim ki. Mən yox, rejissorlar sonra məni çəkməməklərinə görə peşman oldular. Hətta bir rejissor o vaxt dedi ki, “sən uduzmadın, biz uduzduq”. Artıq bu sözlərin heç bir mənası yoxdur. Hər dövrün, zəmanənin bir vaxtı var. Qismət olsa indiki vaxtımda da hansısa rola çəkilərəm. Amma o vaxtkı dövrümlə indiki arasında fərq var. Gəncliyin enerjisi başqa olur”. Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Hicran Nəsirova deyib.

O, daha sonra əlavə edib:
“Həddindən artıq gənc aktyor, aktrisalar var. Bəzən adlarını da səhv salıram, bilmirəm. Onların bəxti də gətirib. İşsiz də qalmırlar, hara baxırsan çəkilən eyni aktyor, aktrisalardır. Hərənin öz qisməti, alın yazısı var. Onları qısqanmıram. Bəlkə mənim də vaxtilə oynadığım rollara onlar həsəd aparıblar. Nə olsun ki? O vaxtı o qədər həmkarlarım gəlib mənə deyirdi ki, sənin rollarını elə oynayaramki.. Onların hazırını görüblər. Həmin rolları mən içimdə bişirib çıxarmışam ortalığa. Bu yolda canımı, sağlamlığımı qoydum, bir çoxlarının arzuladığı sənət həyatını yaşadım amma qiymətləndirilmədim. Buna görə təəssüflənirəm. Bir həmkarımız tədbirlərdən birində digər həmkarımızı göstərib dedi ki, “sən bundan da çox işləmisən, amma onun hər şeyi var”. Bunu bir çoxu deyir, heyfislənir. Oldu da, həyatdır. Mədəniyyətimiz göz önündədir”.
Əli Əsgər,
Medianews.az


