O video Feysbukda qəfildən qarşıma çıxdı. Bilərsiniz, FB-də qısa videolar bölümü var, “reels” adlanır, ordaydı. Baxdım ki, təqdimatında “2 milyon baxış toplayan video” yazılıb, dedim, əlbət, nəsə unikal bir şeydir.
Bizimkilər çəkib, əcnəbilərin işi deyil. Video belədir: bir “Lada” markalı avtomobildir, meşəfason bir yerdə dayanır, cantaraq sürücü düşür, bərkdən deyir: “Cındırın biri mən!” Ardınca sol qapıdan bir cantaraq oğlan da enir, o da deyir: “Biri də mən”. Onun ardınca bir lay divar oğlan çıxır, o da deyir: “Biri də mən”. Öndə oturmuş, eyni cürəpədə olan başqa biri ekranın qabağına gəlir, o da özünü “cındırlardan biri” elan edir. Sağ qapını açıb gələn pəzəvəng adam da “cındır”ların sırasında olduğunu bəyan edir.
Yaşları 30+, çəkiləri 90+ 5 adamın “konserva qutusu” adlandırılan rus maşınına necə sığışdıqlarına təəccüb edərkən, avtomobilin baqajından kiməsə ünvanlanmış “it balası” xitabı səslənir və baqajın qapısı açılır. Eyni yaşda və can-cəsəddə olan bir kişi çıxır, deyir: “Məni yaddan çıxarmayın, cındırın biri də mənəm”.
Hələ bu videonu çəkəni də əlavə etsək, yeddi kişi toplaşaraq, razılaşaraq belə bir video ərsəyə gətiriblər və paylaşıblar, xalqımız da tökülüşüb baxır, paylaşır, bir-birinə yollayır, qəhqəhə çəkir, uğunub gedir.
Yəqin o “iki milyon söhbəti” bir az şərtidir, baxanların sayını yox, baxışların sayını göstərir. Bir adam təkrar-təkrar baxır. Məsələn, mən özüm o videoya azı 7 dəfə baxdım, anlamağa çalışırdım ki, bu nə deməkdir, mənası nədir, bəlkə videoda bir subliminal mesaj var, mən tuta bilmirəm. Bəlkə, düşünürdüm, çox adamın ilk baxışda anlaya bilmədiyi dərin mənalar var, oxumuş adamlar demişkən, sarkazmdır, qroteskdir, nədir bu?
Gördüm ki, yox. Sadəcə, cantaraq oğlanlar maşından düşürlər və “cındırın biri” olduqlarını elan edirlər və ürəkdən gülüşürlər.
Görün, Peykanlıda sovet hökuməti quran “yeddi oğul”dan hara gəldik. 8-10 yaşımız olanda 30+ yaşda əmilər, dayılar vardı, onları ağsaqqal kimi elçiliyə aparırdılar, adlarını çəkəndə “Filankəs kişi” deyirdilər. Onlar da ağır oturub batman gələrdilər, heç toylarda ortalığa düşüb oynamazdılar da ki, oynamaq əsgərlikdən təzə gələn cavanların, subayların işidir. Yəni 40 il əvvəl 30+ yaşın bir sanbalı, ədəb-ərkanı vardı.
Söz yox, 50-60 yaşındaykən 20 yaşlılara qoşuub qumar oynayan, arada cığallıq edib “yalançının var-yoxu”na söyən “ağsaqqallar” da tapılırdı, amma el-obada elələrini yola verirdilər, ciddi kişi saymazdılar.
Birdən-birə 6 o yaşda, kələ boyda adamın özlərini “cındır” adlandırması, haradan baxsaq, mənəvi deqradasiya, qeyri-ciddilik əlamətidir. Bu qeyri-ciddilik trend olub, gündən-günə yayğınlaşır.
Bilən adamlar deyirlər ki, siz bilmirsiniz, Tik-Tokda, Youtube-də yayılan belə videolar viral olur, onun müəlliflərinə bir ətək pul qazandırır. “Səfeh videoları ilə ev tikdirənlər, maşın alanlar var” deyirlər, adlar çəkirlər. Heç demə, hər kənddə, qəsəbədə, məhəllədə, küçədə belə adamlar var, canlı yayım açır, kamera qarşısında oturub hər cür şitliklər, səyliklər edirlər, tamaşaçılar da onlara “ürək”, “şir” atır. Bu da nə cürsə pula çevrilir.
Birinin asan yolla pul qazanması haqqında söhbətin yayılması kifayətdir ki, o işə baş vuranların sayı həndəsi silsilə üzrə artsın. Son 30 ildə belə kampaniyaları çox görmüşük: kütləvi şəkildə küçə alveri edənləri vardı, daha sonra kütləvi şəkildə valyuta mübadiləsi edənlər, kütləvi şəkildə xaricə “quş” daşıyanlar çıxdı və s. İndi də kütləvi şəkildə bloqerlik edənlər var, amma hiss olunur ki, bir çoxları dağlanan eşşəyin tüstüsünün iyinə gəliblər. Son vaxtlar bloqerləri içəri apararaq, ədəb-ərkana, qanunun tələblərinə riayətə dəvət edirlər.
Düzü, bilmirəm avtomobildən düşərək özlərini “cındırın biri də mən” deyə təqdim edənləri hansı müddəa ilə inzibati məsuliyyətə cəlb edə bilərlər. Bəlkə də bu hərəkətdə ictimaiyyətə hörmətsizlik var, amma adamlar başqasına bir söz demirlər, eləcə, özləri haqqında prezentasiya edirlər.
Hazırda o “reels”ləri dünyanın hər tərəfində çəkirlər. Bəziləri yemək bişirmələrini, bəziləri dağda-daşda sığınacaq tikmələrini çəkir, göstərir. Bir çox ölkələrdə gənc və gözəl qadınlar yüngülvarı geyimdə kamera qarşısında oturur, qıvrılır, soyunur, nəsə danışırlar. Hər cür meymunluq edənlər var. (Fotoda başqa "reels"lərin fraqmenti əks olunub). Minlərlə bir-birinin təkrarı olan əttökən “reels”lər yayılır, hər dəqiqə adamın qabağına çıxır, beşinə baxmayanda birinə baxırsan, bir də görürsən ki, balaca bir maşından 6 cantaraq kişi düşdü...
Ta nə demək olar? Allah betərindən saxlasın.
**
Dünya köhnə dünyadır, “cındır”ları təzədir.
P.S. Əvvəllər köhnə-köşkül paltarlara “cındır”-“tryapka” deyərdilər).
Samir SARI