Medianews.az
Azərbaycanın itkin hesabatı yeniləndi
756 baxış

Azərbaycanın itkin hesabatı yeniləndi

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası bildirir ki, Ermənistanın Azərbaycana təcavüzü illərində 3990 nəfər - 3211 hərbçi, 779 mülki şəxs itkin düşüb. Yeni hesabata görə, itkinlərin 3984-ü Birinci Qarabağ müharibəsinin, 6-sı 2020-ci ilin Vətən müharibəsinin itkini kimi qeydiyyata alınıb.

Medianews.az xatırladır ki, Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

2025-ci il avqustun 8-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun