Medianews.az
Azərbaycanın axtarışa verdiyi şəxs Ermənistanda ana müxalifət lideri oldu –
181 baxış

Azərbaycanın axtarışa verdiyi şəxs Ermənistanda ana müxalifət lideri oldu – Kimdir Samvel Karapetyan?

Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərin ikinci yeri Güclü Ermənistan bloku tutub.

Bu blokda üç partiya təmsil olunur. Aparıcı qüvvə Samvel Karapetyanın liderlik etdiyi Güclü Ermənistan Partiyasıdır.

Hazırkı nəticələr Samvel Karapetyanın Ermənistanda ana müxalifətin liderinə çevrildiyindən xəbər verir.

Medianews.az bildirir ki, Samvel Karapetyan 1965-ci ildə indiki Taşir şəhərində doğulub.

1986-cı ildə Yerevan Politexnik İnstitutunun maşınqayırma fakültəsini bitirib, doğulduğu şəhərdə zavodda çalışıb, müəssisənin direktoru olub, sonra sahibinə çevrilib.

1992-ci ildə Rusiyaya köçərək biznes fəaliyyətinə başlayıb. Əvvəlcə logistika və təchizat, sonra daşınmaz əmlak sektorunda bizneslə məşğul olub.

1999-cu ildə “Taşir” şirkətlər qrupunu yaradıb. Bu holdinq qısa müddətdə Rusiyanın ən böyük özəl biznes qruplarından birinə çevrilib. Şirkətlər qrupu tikinti, daşınmaz əmlak, energetika, ticarət, logistika, mehmanxana və xidmət sektorlarında fəaliyyət göstərir.

Samvel Karapetyan dünyanın ən varlı ermənilərindən biri sayılır, onun sərvəti bir neçə milyard dollar həcmində qiymətləndirilir.

Əsas biznesini Rusiyada quran Karapetyan Ermənistan iqtisadiyyatına da investisiyalar yatırıb. Onun holdinqi Ermənistanın enerji sektorunda, ticarət layihələrində və müxtəlif infrastruktur proqramlarında iştirak edib. Xüsusilə Ermənistanın elektrik şəbəkələrinin idarə olunması onun ən mühüm aktivlərindən biri sayılıb.

Samvel Karapetyan Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimə fəal maliyyə dəstəyi ilə də tanınıb, eyni zamanda Erməni Apostol Kilsəsinin himayədarlarından biri kimi ad çıxarıb, kilsələrin tikintisinə və bərpasına, kilsənin həyata keçirdiyi sosial proqramlara pul ayırıb.

2021-ci ildə Samvel Karapetyan Ermənistanın enerji sisteminin modernləşdirilməsinə təxminən 600 milyon dollar sərmayə yatırmağa hazır olduğunu açıqlamışdı.

2025-ci ildə baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında münasibətlər gərginləşəndə Samvel Karapetyan açıq şəkildə kilsənin müdafiəsinə qalxıb, hökuməti tənqid edib, bundan sonra onunla hakimiyyət arasında münaqişə açıq müstəviyə keçib, Samvel Karapetyanın evində axtarış aparılıb, o, hakimiyyəti zorla ələ almağa çağırış ittihamı ilə həbs edilib. Ardınca Samvel Karapetyanın nəzarətində olan elektrik şəbəkələri şirkətinin dövlətin nəzarətinə verilməsi prosesinə başlanıb. Bu addım hökumətlə milyarder arasındakı qarşıdurmanı daha da dərinləşdirib.

Dekabrda ev dustaqlığına buraxılan Samvel Karapetyan 2026-cı ilin yanvarında Güclü Ermənistan Partiyasını təsis edib.

Paşinyan və tərəfdarları Samvel Karapetyanı Rusiyanın maraqlarına xidmət edən oliqarx adlandırırlar.

Samvel Krapetyanın Rusiya və Kipr vətəndaşlığı da var. 2026-cı ilin aprelində o, bu iki ölkənin vətəndaşlığından çıxmaq üçün hüquqi prosedurlara başladığını bəyan edib.  

Samvel Karapetyanın üç övladı – iki oğlu və bir qızı var. Böyük oğlu SərkisTaşirholdinqində rəhbər vəzifələrdə çalışır və ailə biznesinin varislərindən hesab olunur. Qızı Tatevik də “Taşir”də yüksək vəzifə tutur. O, holdinqin əyləncə və kino biznesi istiqamətlərinə rəhbərlik edir, Rusiyanın biznes dairələrində tanınan qadın menecerlərdən biri sayılır. Qalan ailə üzvləri mediadan uzaq durmağa çalışır.

Samvel Karapetyan Rusiya Erməniləri İttifaqının “Gümüş Xaç” mükafatı ilə təltif edilib. Rusiya Pravoslav Kilsəsi isə onu "Müqəddəs Daniil Moskovski" Ordeninin həm II dərəcəsi, həm də III dərəcəsi ilə, “Şöhrət və Şərəf” ordeninin isə II dərəcəsi ilə təltif edib.

Kronştadt Müqəddəs Nikolay Dəniz Kilsəsinin bərpasına verdiyi töhfəyə görə Samvel Larapetyan Rusiya prezidentinin fəxri fərmanı ilə təltif olunub. 2003-cü ildə ona Rusiya prezidentinin adlı saatı hədiyyə edilib.

Samvel Karapetyan Qarabağa qanunsuz silah-sursat daşıdığına görə 2021-ci il aprelin 28-də Azərbaycanda onun barəsində cinayət işinə başlanıb və o, beynəlxalq axtarışa verilib. Rəsmi məlumata görə, o, təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama; ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma; mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə; mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıqda təqsirli bilinir.

Medianews.az

Bizə qoşulun