“Ölkəmizdə fərdi məlumatların qorunması haqda yeni qanunun qəbul ediləcəyi gözlənilir”. Bunu Medianews.az-a Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyib.

O bildirib ki, ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri Elektron Təhlükəsizlik Xidmətində görüş-dinləmə keçiriblər.
O.Gündüz də sözügedən şuranın üzvüdür. Onun bildirdiyinə görə, Elektron Təhlükəsizlik Xidmətində keçirilən görüşdə ölkədə bloklanan internet resursları ilə bağlı şəffaflıq, fərdi məlumatların qorunması, maarifləndirmə boşluqları, bank sektorunda artan kibercinayətlər, uşaqların təhlükəsizliyi və başqa məsələlər üzrə müzakirələr aparılıb.
O.Gündüz vurğulayır ki, yaxın vaxtda Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı Avropa standartlarına, yəni Ümumi Məlumatların Mühafizəsi Reqlamentinə (General Data Protection Regulation) uyğun yeni qanunun qəbul ediləcəyi gözlənilir.
O.Gündüz ehtimal edir ki, yeni qanunun icrasına nəzarət Elektron Təhlükəsizlik Xidmətinə həvalə olunacaq.
Nailə Qasımova,
Medianews.az